AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİ BRÜSSELDƏ QEYD EDİLMİŞDİR
Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü ilə əlaqədar mayın 7-də ölkəmizin səfirliyi Heydər Əliyev Fondunun dəstəyi ilə geniş ziyafət təşkil etmişdir.
Tədbirdə Belçikanın rəsmi qurumlarının nümayəndələri, 1998-ci ildə Azərbaycana səfər etmiş sabiq Baş nazir Jan-Lük Dehan, Avropa Parlamentinin üzvləri, bu ölkədə akkreditə olunmuş xarici ölkələrin səfirləri və KİV nümayəndələri iştirak etmişlər.
Tədbir ulu öndər Heydər Əliyevin dünyanın nüfuzlu dövlət başçıları və təşkilatlarının rəhbərləri ilə birgə çəkilmiş fotoşəkillərindən ibarət sərgiyə baxışla başlamışdır. Sonra görkəmli ictimai və siyasi xadim haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış film nümayiş etdirilmişdir.
Respublikamızın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfiri və Avropa İttifaqı yanındakı daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubov tədbiri açaraq ulu öndərimiz Heydər Əliyevin həyatı, Azərbaycan dövlətçiliyinin qurulmasında əvəzedilməz rolu, ölkənin 90-cı illərin əvvəllərində üzləşdiyi siyasi, sosial və iqtisadi böhrandan çıxarılması üçün qəbul etdiyi tarixi qərarlar, onu Azərbaycan xalqının ümummilli liderinə çevirmiş siyasətinin ayrı-ayrı məqamları barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Ölkəmizin NATO yanında nümayəndəliyinin rəhbəri Kamil Xasıyev isə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə yürütdüyü uğurlu xarici siyasət və bu siyasətin nəticəsi olaraq ölkəmizin regionda lider dövlətə çevrilməsi, dünya ölkələri sırasında öz layiqli yerini tutması barədə danışmışdır.
Daha sonra Rusiya Federasiyasının səfiri Vadim Lukov Azərbaycan-Rusiya münasibətlərinin inkişafı kontekstində Heydər Əliyevin rolu və onun uğurlu siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi, Türkiyənin səfiri Fuat Tanlay Türkiyə-Azərbaycan münasibətlərinin dərinləşməsində Heydər Əliyevin xidmətləri, “Bir millət, iki dövlət” şüarının məhz Heydər Əliyevə məxsus olması, Avropa Parlamentinin üzvü Adrian Severin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının yaradılması və inkişafında Heydər Əliyevin göstərdiyi səylər, NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simons Azərbaycan-NATO əlaqələrinə Azərbaycanın ümummili liderinin verdiyi önəm və gördüyü işlər, bp şirkətinin nümayəndəsi Hovard Çeys isə Heydər Əliyevin neft siyasəti barədə danışmışlar.
Tədbirin sonunda iştirakçılara Heydər Əliyev Fondu tərəfindən ümummilli lider haqqında ingilis dilində hazırlanmış kitablar hədiyyə edilmişdir.