Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin BMT və onun agentlikləri ilə əməkdaşlığı müsbət dəyərləndirilib
Bakı, 27 aprel, AZƏRTAC
Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) vətəndaş cəmiyyəti və medianın inkişafı prosesində yaxından iştirak edir, müharibənin əziyyət çəkmiş regionlarda sosial və iqtisadi proqramlar həyata keçirir.
Bu fikri BAMF-ın sədri Umud Mirzəyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirlə görüşü zamanı səsləndirib.
Görüşdə BAMF sədri ali nümayəndəyə Azərbaycanda vətəndaş cəmiyyəti sektorunun hazırkı vəziyyəti və bu sahədə atılan addımlar barədə məlumat verib. Həmçinin BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT bölməsinin ən yüksək statuslu üzvü kimi rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və gələcək layihələri barədə ali qonağı məlumatlandırıb. BAMF sədri bildirib ki, təşkilat ənənəsinə sadiq qalaraq BMT-nin iclaslarında fəal iştirak edir. Son olaraq BMT-nin İqtisadi və Sosial Şurasının Dövlət İdarəçiliyi Komitəsinin ekspertlərinin 14-cü sessiyasında BAMF-ın iştirakını əlamətdar saymaq olar. BAMF BMT qurumları, xüsusilə UNDPI, UNICEF, UNESCO, UNHCR-la sıx əməkdaşlıq edir.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir vurğulayıb ki, Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin BMT və onun agentlikləri arasında əməkdaşlığına çox müsbət yanaşır və bu istiqamətdə zəruri dəstəyi göstərməyə hazırdır.