AZƏRBAYCANIN YENİ MANATININ TƏQDİMAT MƏRASİMİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
Dekabrın 28-də Bakıdakı “Excelsior” hotelində Azərbaycanın yeni manatının təqdimat mərasimi keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə ötən əsrlərdə Azərbaycanda dövriyyədə olmuş sikkələrdən ibarət sərgiyə baxdı. Prezidentə məlumat verildi ki, burada Sasani sikkələri (IV-VII əsrlər), respublikamızın ərazisində tapılmış və dövriyyədə olmuş antik dövrə aid xarici ölkə sikkələri, Makedoniyalı İsgəndərin sikkələrinə bənzədilərək kəsilən Albaniya sikkələri, Ərəb xilafətinin və Azərbaycan feodal dövlətlərinin (Şirvanşahlar, Sacilər, Rəvvadilər, Şəddadilər) sikkələri, Atabəylər dövləti və onun vassallarının (XII-XIII əsrlər), Teymurilərin (XIV əsr) Azərbaycanda zərb olunan sikkələri, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövründə (XV-XVI əsrlər) işlədilən sikkələr, Azərbaycan xanlıqlarının sikkələri (XVIII-XIX əsrlər), 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə istifadə edilən kağız pullar, eləcə də dünya dövlətlərində hazırda istifadə olunan pul nişanları və ölkəmizdə dövriyyədə olan milli valyutamız nümayiş etdirilir.
Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin iştirakı ilə Milli Bankın yeni binasının açılışı mərasimini əks etdirən fotoguşəyə də baxdı.
Sonra Azərbaycanın yeni manatının təqdimat mərasimi oldu. Mərasimi Milli Bankın İdarə heyətinin sədri Elman Rüstəmov açdı.