İQTİSADİYYAT
Azərbaycanla İspaniyanın Bask vilayəti arasında işgüzar əlaqələrin perspektivləri müzakirə olunub VİDEO
Bilbao, 11 iyun, AZƏRTAC
İspaniyanın Bask vilayətinin iqtisadi mərkəzi olan Bilbao şəhərində İspaniya-Azərbaycan Ticarət Assosiasiyasının təşəbbüsü ilə görüş keçirilib. Görüşdə vilayətin biznes dairələri və yerli hökumətin təmsilçiləri iştirak edib.
Assosiasiyanın prezidenti Fərid Mustafayev təşkil olunan görüşün məqsədləri haqqında danışıb.
Görüşdə iştirak edən postsovet ölkələri üzrə ekspert-jurnalist Pablo Qonzales Uage Azərbaycana səfəri və müsbət fikirləri ilə bölüşüb. Bask vilayətinin Biznesin İnkişafı Agentliyinin departament rəhbəri xanım Marian İbarrondo Azərbaycanla əməkdaşlıq imkanlarını qiymətləndirərək deyib: “Bask vilayətinin bir sıra şirkətləri artıq Azərbaycanla iş təcrübəsinə malikdir. Ümid edirəm ki, Azərbaycan şirkətləri də bizdə fəaliyyət göstərəcəklər.”
Görüşdə Azərbaycanın səhiyyə sahəsindəki yüksək texnologiyalara olan marağı və tələbatı qarşılayacaq avadanlıqların təşkilinin mümkünlüyü də müzakirə olunub.
İspaniya-Azərbaycan Ticarət Assosiasiyasının vitse-prezidenti Mahir Qurbanov bu görüşün nəticəsinin real nəticələr verəcəyinə ümid ifadə edib və təmsil etdiyi qurumun qarşılıqlı ticari və iqtisadi əlaqələrə təkan verə biləcəyini bildirib.
Sonda cari ilin payızında daha geniş tərkibli görüşün keçirilməsi haqqında razılıq əldə olunub.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Bilbao