Azərbaycanla Mərakeş arasında əmək və məşğulluq sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 31 may, AZƏRTAC
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Cenevrədə Mərakeşin əmək və əməyin təhlükəsizliyi naziri Muhammed Yatim ilə görüşüb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatının Beynəlxalq Əmək Konfransının 107-ci sessiyası çərçivəsində keçirilən görüşdə Sahil Babayev ölkəmizin sosial müdafiə sistemi, icra olunan sosial proqramlar, habelə aktiv əmək bazarı proqramları barədə mərakeşli həmkarına məlumat verib.
Nazir iki ölkə arasında müvafiq sahələrdə ikitərəfli əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu, həmçinin İslam Əmək Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzinin İslam ölkələri, o cümlədən iki ölkə arasında əmək və məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
Mərakeşin əmək və əməyin təhlükəsizliyi naziri əmək və məşğulluq sahəsində Azərbaycanla əlaqələri inkişaf etdirməyə, əhalinin məşğulluq imkanlarının artırılması, gənclərin əmək bazarına çıxışının dəstəklənməsi və s. sahələr üzrə ölkəmizin təcrübəsini öyrənməyə maraq göstərdiklərini diqqətə çatdırıb, aidiyyəti sahələr üzrə mütəxəssis mübadiləsinin məqsədəuyğun ola biləcəyini bildirib.
Görüşdə əmək və məşğulluq sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub və əməkdaşlığa dair Anlaşma Memorandumunun layihəsinin imzalanmaq üçün demək olar ki, hazır olduğu bildirilib.
S.Babayev mərakeşli həmkarını Azərbaycana səfərə dəvət edib.