Azərbaycanlı aktrisa beynəlxalq müsabiqənin qalibi olub
Bakı, 26 aprel, AZƏRTAC
Gənc Tamaşaçılar Teatrının gənc aktrisası Səbinə Məmmədova Rusiyanın Mədəniyyət Nazirliyinin dəstəyi və Rusiya Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutacaq XII Beynəlxalq Yay Teatr məktəbində təhsil almaq üçün müsabiqədə iştirak edəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, aktrisa dünyanın 30 teatrları və Rusiyanın 40 şəhərindən olan teatr aktyorları arasında seçilərək iyunun 1-dən 28-dək Moskvada keçiriləcək Beynəlxalq Yay teatr məktəbində ölkəmizi təmsil edəcək.
Rusiyanın Teatr Xadimləri İttifaqı artıq 12-ci ildir teatr sənəti sahəsində belə bir irimiqyaslı təhsil layihəsini reallaşdırır.
Rusiyanın Xalq Artisti, Rusiyanın Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kolyaginin rəhbərliyi ilə gerçəkləşən və səhnə sənəti ilə məşğul olan gənclər üçün böyük önəm kəsb edən Beynəlxalq Teatr Yay məktəbində üç həftə müddətində müdavimlər aktyor sənətinin vacib elementlərini özündə birləşdirən ustad dərslərdə, treninqlərdə, nəzəri mühazirələrdə, aktyor sənəti, səhnə danışığı, səhnə hərəkəti, əlaqəli improvizasiya, vokal, ritmika, müasir rəqslər, qrim, qılınc və səhnə döyüşləri üzrə təlimlərə cəlb ediləcəklər.
Teatr məktəbinin pedaqoji heyəti Rusiyanın aparıcı Ali Sənət Ocaqlarının tanınmış heyətindən ibarət olaraq bir neçə janr üzrə - dramatik, kukla, xoreoqrafiya və meydan tamaşaları tədris müddətinin sonuna yaxın gənc aktyorların iştirakı ilə hazırlanaraq, Moskva şəhərinin aparıcı teatrlarında və Rusiya Teatr Xadimləri İttifaqının binasında, eləcə də Moskvanın mərkəzi küçələrində kütləvi nümayiş olunacaq.
Təhsil müddətində, eyni zamanda, tələbə aktyorların Rusiya və xarici teatr mütəxəssisləri ilə görüşləri və teatr tamaşalarını seyr etmələri də nəzərdə tutulub.