Azərbaycanlı alim: Mutasiya olunmuş virusu koronavirusdan fərqləndirən əsas xüsusiyyət onun sürətlə yayılmasıdır
Bakı, 1 fevral, AZƏRTAC
Dünyanın bir sıra ölkələrində koronavirusun mutasiyaları sürətlə yayılmaqda davam edir. İlk olaraq virusun İngiltərədə aşkarlanan yeni ştammı sonradan digər ölkələrdə də geniş yayılmağa başlayıb. Bundan başqa isə cənubi Afrikada və Braziliyada da fərqli mutasiyalara rast gəlinib. İlk vaxtlar mutasiyaların daha təhlükəli və öldürücülük qabiliyyətinin daha yüksək olduğu barədə məlumatlar yayılsa da, bu istiqamətdə heç bir elmi tədqiqatlar yox idi. Hazırda isə İngiltərədəki mutasiyalarla bağlı yekunlaşan elmi tədqiqatlar bizə bəzi həqiqətləri dəqiq deməyə imkan verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, hələ ki, mutasiya olunmuş virusu koronavirusdan fərqləndirən əsas xüsusiyyət onun sürətlə yayılmasıdır. Yeni ştammın daha sürətli yayılmasının səbəblərini açıqlayan azərbaycanlı alim həm də bunun qarşısının alınmasının mümkünlüyünü bildirib.
Hazırda mutasiyaların sürətlə yayılma səbəbləri ilə bağlı elmi tədqiqatların davam etdirildiyini bildirən Nuran Abdullayev qeyd edib ki, elmi iddialara görə əksər hallarda yeni mutasiya daşıyıcısı olan xəstələrin yoluxduğundan xəbərsiz olması onun geniş yayılmasına gətirib çıxarır. Belə ki, virusun yeni ştammına yoluxan şəxs xəstəliyi simptomsuz keçirdiyi üçün gündəlik həyat tərzinə heç bir məhdudiyyət tətbiq etmədən davam edirsə, digər insanlarla canlı ünsiyyətdə olursa, bu zaman xəstəlik geniş yayılır. Ona görə də bu istiqamətdə aparılacaq elmi tədqiqatların nəticəsinə görə mutasiyaların yoluxduruculuq qabiliyyəti daha yüksəkdir. Elmi tədqiqatda bildirilir ki, İngiltərə mutasiyasının yoluxdurma əmsalı SARS-CoV2-in yoluxdurma əmsalından 35 faiz daha böyükdür və mutasiya olunmuş viruslu xəstənin digərlərini yoluxdurması isə 15 faiz təşkil edir. Bu da təbii olaraq, ölkələrdə gərginliyi artırır. Çünki onsuz da böhran vəziyyətində olan dünya səhiyyə sistemi kütləvi yoluxmalar qarşısında müvazinətini itirə bilər.
“Bundan əlavə, digər iddialara görə mutasiya olunmuş virusun zərərsizləşdirilməsinin və insan orqanizmindən xaric olma müddətinin uzun çəkməsi onun yayılma sürətini artıra bilər. Təbii ki, hazırda bu istiqamətdə aparılan elmi tədqiqatların nəticəsinə uyğun olaraq yeni mutasiyaların xüsusiyyətləri, yayılma səbəbləri və qarşısının alınması yolları ilə bağlı yekun məlumatlar bəlli olacaq. Amma ölkəmizdə bunun qarşısının alınması üçün indidən qabaqlayıcı tədbirlərin görülməsi zəruridir. Düşünürəm ki, COVID-19-la bir illik mübarizədə əldə olunan təcrübə yeni mutasiyaların geniş yayılmasının qarşısının alınmasında öz müsbət təsirlərini göstərəcək. Bundan əvvəllər də dediyimiz ki, effektli mübarizə yalnız üçtərəfli - dövlət, səhiyyə və xalqın mübarizəsinin birgə əməyi nəticəsində mümkündür. Ona görə də düşünürəm ki, bunun üçün yeni mübarizə strategiyası tətbiq edilməli və canlı ünsiyyətlərin sayı minimuma endirilməlidir. Sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması cəmiyyətdə virusun artıq tamamilə məhv edilməsi və yox olması anlamına gəlməməlidir. Əgər gündəlik yoluxma sayı azalırsa, bu, virusun tamamilə yox olduğu demək deyil”, - deyə alim vurğulayıb.
N.Abdullayev bildirib ki, hazırda gen texnologiyası ilə hazırlanan və tətbiq edilən vaksinasiyanın yeni mutasiyalara təsiri istiqamətində müsbət nəticələr elmi tədqiqatlarla da sübut olunub. Tibb elmləri doktoru mutasiyaya uğramış virusun yayılma sürətinin vaksinasiyanın sürətindən yüksək olacağı təqdirdə burada effektsiz nəticənin müşahidə oluna biləcəyini istisna etməyib. O bildirib ki, gen texnologiyası ilə hazırlanan peyvəndlər bu günə qədər virus ştammlarının neqativ təsirlərinə baxmayaraq, hələ də effektiv sayılır. Gen texnologiyasından fərqli üsulla hazırlanan peyvəndlərin təsirləri barədə isə heç bir dəqiq elmi məlumat hələ ki yoxdur.
Azərbaycanlı alim virusun yeni mutasiyalarının öldürücülük qabiliyyətinin çox olması mövzusuna da toxunub. O bildirib ki, bu barədə müxtəlif elmi tədqiqatlar olsa da hələ onların heç birinin nəticəsinə əsaslanıb bunu söyləmək olmaz. Bunu dəqiq demək üçün bizə bir neçə həftə zaman lazımdır ki, vacib elmi tədqiqatlar bitsin və biz onların nəticələri ilə dəqiq tanış olaq. Bu zamana qədər isə mütləq şəkildə vacib olan ehtiyatı əldən verməmək və canlı ünsiyyətləri minimuma endirməkdir.