Azərbaycanlı alim Sankt-Peterburqda keçirilən elmi konfransda məruzə ilə çıxış edib
Bakı, 19 may, AZƏRTAC
Rusiyanın Sankt-Peterburq şəhərində artilleriya, mühəndis və rabitə qoşunları hərbi-tarix muzeyində keçirilən X Beynəlxalq elmi-praktiki konfransda “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyin sədrinin birinci müavini, ICOMAM Beynəlxalq Komitəsinin İdarə heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov elmi-məruzə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Pərvin Gözəlov “Xanlıq dövründə dövlətçilik atributlarında İslam rəmzləri” adlı məruzəsində xanlıqların dövlət qurumu kimi yaranması və ictimai-siyasi fəaliyyətində dövlətçilik atributlarına malik olmasını qeyd edib. Diqqətə çatdırıb ki, ötən ilin sentyabrın 27-də cəbhə bölgəsində Ermənistan təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı nəticəsində torpaqlarımız düşmən tapdağından azad olunub.
Pərvin Gözəlov muzeyin direktoru tərəfindən “Müharibə və Silah: Yeni tədqiqatlar və Materiallar” Beynəlxalq praktiki konfranslarında aktiv iştirakına görə təşəkkürnamə ilə mükafatlandırılıb.
Azərbaycanlı alim, həmçinin Sankt-Peterburqda müqəddəs Aleksandr Nevskinin 800 illiyinə həsr edilmiş sərginin açılış mərasimində də iştirak edib.