Azərbaycanlı gənc alimin kitabı Almaniyada işıq üzü görüb
Berlin, 15 aprel, AZƏRTAC
Azərbaycanlı gənc alim Səxavət Cəfərov Almaniyanın Ulm Universitetinin (AFR) Tibb fakültəsində prof. Dr.h.c.K.H.Linkin elmi rəhbərliyi ilə xərçəng xəstəliklərinin tədqiqi üzrə doktorluq dissertasiyasını müdafiə edərək, tibb elmləri üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, müvafiq doktorluq dissertasiyası tibb elmləri üzrə ixtisaslaşmış “Lehmanns” nəşriyyatında “Yoğun və düz bağırsaq xərçəngi xəstəliklərinin karsinogenez/molekulyar biologiyasında, bioloji gedişatında, müalicə üsullarında, funksional və onkoloji nəticələrindəki fərqlər” başlığı ilə dərc edilib.
Kitabın ön sözündə deyilir: “Yoğun və düz bağırsaq üzrə xərçəng xəstəlikləri Almaniyada və dünyanın inkişaf etmiş digər sənaye ölkələrində ən çox rast gəlinən xəstəliklərdən biridir. Bu xəstəliklərdən əziyyət çəkən insanların və ölüm hallarının sayı artmaqda davam edir. Buna səbəb kimi qidalanma tərzi, hipodinamiya (fiziki fəallıq), alkoqol və nikotin (tütün) istifadəsi, artıq çəki, hətta iqlim şərtləri göstərilir. Eyni zamanda, bu xəstəliklərin irsi-genetik yolla keçdiyi məlumdur.
Xərçəng xəstəlikləri üzrə aparılmış mövcud tədqiqatlarda, bir qayda olaraq, yoğun və düz bağırsaqda rast gəlinən xərçəng xəstəliklərinin bioloji və klinik cəhətdən eyni mənşəli xəstəlik (kolorektal karsinom) olduğunu iddia edilir. Lakin bu xəstəliyin müayinəsi və müalicəsi üçün aparılmış translational və kliniki elmi-tədqiqatlarda vacib parametrlərə əhəmiyyət verilməyib. Nəticədə isə icad edilmiş derman preparatları sözügedən xəstəliklərin müalicəsinə gözlənilən əhəmiyyətli təsiri göstərə bilməyib. Buna görə də digər parametrlərin də (histopataloji, makroskopik, anatomo-topoqrafik, preventiv xarakteristika, eyni dərman preparatlarına qarşı xemo-həssaslıq və s.) yenidən dəyərləndirilməsi zərurəti meydana gəlib”.
Müəllif qeyd edilən tezisinin tədqiqi və sübuta yetirilməsi məqsədilə meta-analiz metodu ilə tədqiqat aparıb, Ulm Universitetində yaradılan və özünün də üzv olduğu FOGT qrupunun və “S3-Leitlinien für Kolon- und Rektumkarzinom” adlı meta-analizin müqayisəli təhlilini həyata keçirib. Nəticədə yoğun və düz bağırsaqlarda rast gəlinən bədxassəli şişlərin qeyd edilən parametrlər üzrə kəskin fərqlərinin mövcud olduğu təsbit edilib; onlar bundan sonrakı nəzəri və kliniki tədqiqatlarda, habelə bu xəstəliklərin müalicəsində fərqli xəstəliklər olaraq nəzərə alınmalıdır.
Səxavət Cəfərov Azərbaycan Tibb Universiteti və Maynts Universitetində (Almaniya) ali tibb təhsili alıb, 2009-cu ildən etibarən Almaniyanın Kiel və Ulm universitetlərində xərçəng xəstəliklərinin müalicəsi üzrə elmi-tədqiqat layihələrində iştirak edib və doktorluq dissertasiyasını müvəffəqiyyətlə başa vurub. Onun məqalələri xərçəng xəstəlikləri üzrə məşhur alimlərin (C. Harris (ABŞ), T. Holm (Norveç), K.H.Link (Almaniya) həmmüəllifliyi ilə nüfuzlu jurnallarda dərc edilib. Eyni zamanda, onun həmmüəllifliyi ilə beynəlxalq elmi tədbirlərdə (Ulm, Almaniya/2014, Sankt Peterburq, Rusiya/2017 və 2018-ci illər, Xinjiang University, Çin/2017- ci il, DGAV- Kongress 2016-cı il) çıxışlar edilib.
Gənc alim akademik fəaliyyətinə paralel olaraq, həm də həkim-cərrah kimi fəaliyyət göstərir. O, 2017-ci ildə Düsseldorf Universitet-Klinikasının təqdimatına və ixtisas (uzmanlıq) imtahanının nəticələrinə əsasən, “qarın orqanlarının cərrahiyyəsi və onkoloji xəstəliklər üzrə ixtisaslaşmış cərrah” (Facharzt für Viszeralchirurgie) dərəcəsini aldı. Hazırda Vuppertal Universitet-Klinikasında cərrahlıq fəaliyyətini davam etdirir Eyni zamanda, adıçəkilən universitet-klinikanın tələbələri qarşısında cərrahlığın müxtəlif aspektləri üzrə dərslər və praktik məşğələlər keçir.
Vüqar Seyidov
AZƏRTACın xüsusi müxbiri
Berlin