MƏDƏNİYYƏT
Azərbaycanlı gənc istedadlar “Moskva dostları qarşılayır” festivalının bağlanış mərasimində iştirak etmişlər
Moskva, 3 iyun (AZƏRTAC). M.V.Lomonosov adına MDU-nun əsas binasının akt zalında Rusiyada İtalyan mədəniyyəti və dili ili, Rusiyada İspaniya krallığı ili çərçivəsində “Sonsuzluq formulu” devizi altında keçirilən VIII beynəlxalq “Moskva dostları qarşılayır” festivalının təntənəli bağlanış mərasimi olmuşdur.
Azərbaycandan olan gənc istedadların da iştirak etdiyi konsertin aparıcısı əfsanəvi musiqişünas, Rusiyanın xalq artisti Svyatoslav Belza idi. Bu fakt beynəlxalq miqyaslı bu tədbirin böyük əhəmiyyətinə dəlalət edir. S.Belza Rusiya Prezidenti Dmitri Medvedevin, RF xarici işlər naziri Sergey Lavrovun, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin və başqalarının tədbir iştirakçılarına təbriklərini oxumuşdur.
Festivalın təntənəli bağlanış mərasimində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak etmişdir. Səfir bu festivalın təsis edilməsinə və keçirilməsinə görə, təşkilatçılara və şəxsən maestro Vladimir Spivakova təşəkkürünü bildirmişdir. Onun sözlərinə görə, bu tədbirin indi, biz hamımız müxtəlif ölkələrdə yaşadığımız, gəncləri bir-birimizə və qonşularımızın, başqa ölkələrin mədəniyyətinə tolerant münasibət ruhunda tərbiyə etməyin zəruri olduğu bir vaxtda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. P.Bülbüloğlu demişdir: “Bu tədbir bizim indiki və gələcək qarşılıqlı münasibətlərimiz baxımından təkcə musiqi sahəsində deyil, həm də böyük ictimai məna kəsb edir, çünki bugünkü uşaqlar bizim gələcəyimizdir”. O, Azərbaycandan olan iki iştirakçının burada öz sənətini təqdim etməsinə görə özünü xoşbəxt saydığını və bununla fəxr etdiyini demişdir.
Azərbaycanın tanınmış skripkaçısı, 2010-cu ildə Vatikanda Roma Papasından medal almış, indiyə qədər 15 nüfuzlu festivalda iştirak etmiş Elvin Qəniyev qaraçı mahnıları ifa etmiş, gənc Aygül Həsənova isə F.Listin 2 nömrəli rapsodiyasını Azərbaycanın milli çalğı aləti olan qanunda ifa etmişdir.
Başqa ölkələri təmsil edən gənc istedadlar da konsert nömrələri ilə çıxış etmişlər.
“Moskva dostları qarşılayır” layihəsi Fondun ən genişmiqyaslı layihəsidir. 2004-cü ildən bəri bu layihədə dünyanın 60 ölkəsindən 14.000-dən çox istedadlı uşaq iştirak etmişdir. Hər il məktəblilərin yay tətili ərəfəsində keçirilən bu festivalda maestro Vladimir Spivakov və “Virtuozı Moskvı” Dövlət Kamera Orkestri mütəmadi olaraq iştirak edir. Orkestrin solistləri ən yaxşı gənc musiqiçilərdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva