Azərbaycanlı gənclər Tbilisidə keçirilən “Vahid səma altında mədəniyyətlərin dialoqu” adlı festivalda iştirak ediblər
Tbilisi, 19 noyabr, AZƏRTAC
Gürcüstanda qeyd olunan “Tolerantlıq həftəsi” çərçivəsində Tbilisidə Nodar Dumbadze adına Dövlət Peşəkar Kukla Teatrında ənənəvi “Vahid səma altında mədəniyyətlərin dialoqu” adlı festival keçirilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin təşkilatçılığı və BMT-nin Gürcüstan Assosiasiyasının dəstəyi ilə keçirilən tədbir əsasən milli azlıqların nümayəndələri üçün reallaşdırılıb.
Artıq onuncu dəfədir ki, qeyd olunan tədbirdə Gürcüstanda yaşayan müxtəlif etnik azlıqları təmsil edən, o cümlədən azərbaycanlı gənclər milli musiqi və rəqslərlə çıxış ediblər.
Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin şöbə müdiri Tina Qoqeliani Beynəlxalq Tolerantlıq Günü münasibətilə festival iştirakçılarını təbrik edib, festivalın əhəmiyyətindən danışıb, gənclərin nümayiş etdirdikləri nömrələri yüksək qiymətləndirib.
Tədbirdə BMT-nin Gürcüstan Assosiasiyasının Tolerantlıq, Sosial Məsuliyyət və İnteqrasiyaya Dəstək Proqramının (PITA) rəhbəri Laşa Cuğeli, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin müşaviri Ayaz Məmmədov, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTc-ın xüsusi müxbiri
Tbilisi