“Azercell” “ADA” Universitetində keçirilən dördüncü karyera həftəsi çərçivəsində seminar təşkil edib
Bakı, 2 mart, AZƏRTAC
“Azercell” “ADA” Universitetində keçirilən “İstedadlarla karyera imkanları arasında körpü” adlı dördüncü karyera həftəsində şirkətin Tələbə Proqramları çərçivəsində “Karyera Brendini Yarat” mövzusunda seminar keçirib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Azercell”in nümayəndələri seminarda tələbələrə karyera həyatının dəyərli seçimini etməkdə - Şəxsi Brendini yaratmaqda dəstək olublar. Şirkət əməkdaşları tələbələrə müsahibəyə professional hazırlaşma, özünü effektiv təqdimetmə texnikası və üsulları, şəxsiyyətin və vahid xüsusiyyətlərinin müəyyən edilməsi, “işə qəbul mütəxəssisi sizin haqqınızda nə düşünür” və müsahibəyə dair daha ətraflı faydalı göstərişlər mövzusunda seminarlar keçiblər. Seminarda 100-dək tələbə iştirak edib.
Qeyd edək ki, tədbirin təşkilində əsas məqsəd “ADA” Universitetinin tələbə və məzunlarını ölkəmizdəki iş bazarının imkanları ilə tanış etmək, gənclərin istedadını daha səmərəli təqdim etmək, inkişafda olan sənaye sahələri, dövlət və özəl sektorun insan kapitalı ehtiyacı barədə aydın təsəvvür yaratmaqdır.
“Azercell” şirkəti bundan sonra da istedadlı gənclərin uğurlu karyera qurması üçün öz dəstəyini göstərməkdə davam edəcək.