“AZƏRENERJİ” SC-NİN EKSPERTİ TOKİODA SEMİNARDA İŞTİRAK EDİR
“Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, seminarın təşkilatçısı ODA proqramını gerçəkləşdirən qurumlardan biri olan Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyidir (JİCA). Bu, Yaponiyanın inkişaf etməkdə olan ölkələrə yardım göstərilməsinə yönəldilmiş dövlət proqramıdır. Həmin proqram üzrə, əsasən, kreditlər ayrılır və texniki yardım göstərilir.
Azərbaycanda iri layihəsi olan Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının (JBİC) Cənubi Qafqazın digər ölkələrində də energetika sahəsində layihələr həyata keçirməsinə baxmayaraq, onun təşəbbüsü ilə bu il seminara yalnız “Azərenerji” SC-nin nümayəndəsi dəvət olunmuşdur. Seminarda respublikamızın baş enerji idarəsini istehsalat-texniki şöbənin rəisi Təyyar İbrahimov təmsil edir. Onun “Azərenerji”nin fəaliyyəti barədə çıxışı nəzərdə tutulmuşdur.
Seminarda layihələrin müasir səviyyədə səmərəlilik göstəricilərinin hesablanması metodikasından, JBİC–nin fəaliyyətindən və apardığı əməliyyatlardan, habelə ODA çərçivəsində kreditlərin və texniki yardım layihələrinin qiymətləndirilməsindən danışılacaqdır.
Xatırladaq ki, Azərbaycanla Yaponiya arasında sıx iqtisadi əlaqələr var. Prezident Heydər Əliyevin 1998-ci ildə Tokioya rəsmi səfəri zamanı ölkəmizdə elektrik stansiyasının tikintisinə kredit ayrılması barədə də razılıq əldə olunmuşdu. Beləliklə, “Şimal” DRES-də MDB məkanında oxşarı olmayan 400 meqavat gücündə buxar-qaz qurğusu (BQQ) tikilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin bu yaxınlarda keçirilmiş iclasında dediyi kimi, uğurla aparılmış danışıqlar nəticəsində “Şimal” DRES-də ikinci belə qurğunun və Sumqayıtda 400-500 meqavat gücündə yeni BQQ-nin inşası ilə bağlı prinsipial razılıq əldə olunmuşdur. Bu, Bakının və Abşeron yarımadasının enerji təchizatını xeyli yaxşılaşdıracaqdır.
İkinci BQQ-nin tikintisi layihəsini gerçəkləşdirmək üçün kredit xəttini də JBİC açacaqdır. Hazırda bu maliyyə qurumunun və “Azərenerji”nin, habelə ölkəmizin digər əlaqədar idarə və təşkilatlarının ekspertləri arasında layihənin texniki və maliyyə məsələlərinin dəqiqləşdirilməsi və tezliklə həyata keçirilməsi məqsədi ilə fəal danışıqlar aparılır. Yaponiyanın uzunmüddətli güzəştli krediti 2004-cü ilin yazında ayıracağı nəzərdə tutulur.