Azərenerji: Tezliklə Laçında və digər ərazilərdə 110 kV-luq yarımstansiyaların tikilməsi nəzərdə tutulub
Bakı, 26 oktyabr, AZƏRTAC
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun işğaldan azad etdiyi Qubadlı rayonunda sistem əhəmiyyətli yeni 110, 35, 10 kilovoltluq yarımstansiya tikilib.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.
O bildirib ki, yarımstansiyanın tikintisi ilə paralel şəkildə Qubadlı rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli “Qubadlı-1”, “Qubadlı-2” elektrik verilişi xətti çəkilib. Yeni çəkilən xətt boyunca ildırımdan mühafizə, yarımstansiyalararası informasiya mübadiləsi və internet üçün 24 damarlı fiber optik kabel çəkilib və bununla Qubadlıya təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürmə qabiliyyətli sürətli internet xətti gətirilib. İldırımötürücü xəttin içində mühafizəli şəkildə uzanan izolyasiyalı kabel xətləri vasitəsilə keyfiyyətli internet şəbəkəsi, o cümlədən SKADA dispetçer idarəetmə sistemi informasiyalarının, proqram təminatının, televiziya, telefon, rabitə, müşahidə kameraları, canlı bağlantı, mərkəzləşdirilmiş arxiv şəbəkəsinin və başqa məlumatların sinxronlaşdırılması həyata keçirilib.
Bu günə qədər “Azərenerji” tərəfindən “Şuşa”, “Füzuli”, “Kəlbəcər”, “Cəbrayıl”, Zəngilan və Qubadlıda yeni 110 kilovoltluq yarımstansiyalar tikilib və bütün yarımstansiyalara çəkilən 110 kilovoltluq elektrik xətlərində ildırımdan mühafizə və yarımstansiyalararası siqnal mübadiləsi üçün 24 damarlı fiber optik kabellər quraşdırılıb. Beləliklə işğaldan azad edilən ərazilərin 80 faizi Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı elektrik xətləri üzərindəki optik kabellər vasitəsi ilə yarımstansiya və rayonlardakı lazımi strukturlar internetlə təmin edilib.
“Qubadlı” yarımstansiyasında 2 ədəd 25 MVA gücündə transformatorlar quraşdırılıb. 110 kilovoltluq açıq paylayıcı qurğu tikilib və açarların, ayırıcların və digər texniki avadanlıqların açılıb, qoşulma əməliyyatları avtomatlaşdırılıb. O cümlədən, 35 kilovoltluq qapalı paylayıcı qurğu yaradılaraq 8 ədəd xətt yuvası rəqəmsallaşdırılıb. Yarımstansiyanın idarəetmə sistemi üçün müasir tələblərə cavab verən Micro SCADA sistemi yaradılaraq “Azərenerji”nin mərkəzi SCADA sistemi ilə əlaqələndirilərək birbaşa mərkəzdən idarəedilməsi təmin edilib”, - deyə Teymur Abdullayev qeyd edib.
T.Abdullayev əlavə edib ki, ümumilikdə 2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda 3 Elektrik Stansiyası - 8 MVt-lıq “Güləbird” SES (Laçın), 4,8 MVt-lıq “Suqovuşan-1” və 3 MVt-lıq “Suqovuşan-2” KSES-lər yenidən qurulub, 4,4 MVT-lıq “Kəlbəcər-1” KSES-də yenidənqurma işləri tamamlanmaqdadır. Perspektivdə Kəlbəcər və Laçında 25 KSES-in tikilərək yenidən qurulması planlaşdırılıb. Qarabağ və Şərqi Zəngəzurda 110/35/10 kV-luq “Şuşa”, “Füzuli”, “Şükürbəyli”, “Kəlbəcər”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyaları tikilərək Prezidentin iştirakı ilə istismara verilib, “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarında isə işlər yekunlaşmaqdadır.
“Şükürbəyli” yarımstansiyasından iki istiqamətdə - Şuşaya 75, Zəngilana 110 kilometr, Daşkəsəndən Kəlbəcərə 70 kilometr, Xındırıstandan Ağdama isə 35 kilometr məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib.
Yaxın perspektivdə Laçında və digər ərazilərdə 110 kV-luq yarımstansiyaların və əlaqələndirici xətlərin çəkilməsi və Qarabağın dairəvi elektrik təchizat sxeminin gerçəkləşdirilməsi nəzərdə tutulub.