“Azərikimya”nın bir qrup əməkdaşı mükafatlandırılıb
Sumqayıt, 18 oktyabr, AZƏRTAC
“Azərikimya” İstehsalat Birliyində idarə və müəssisə rəhbərlərinin, baş mühəndislərin, istehsalat və sahə rəislərinin iştirakı ilə geniş tədbir keçirilib.
“Azərikimya” İB-nin mətbuat xidmətindən AZƏRTAC -a bildiriblər ki, birliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov tədbiri açaraq 2015-ci ilin ilk 9 ayı ərzində etilen-polietilen zavodunda aparılan genişmiqyaslı yenidənqurma işlərindən, əsaslı təmirdən, qazanılan nailiyyətlərdən və bunun müqabilində kimyaçıların iş və sosial-məişət şəraitinin xeyli yaxşılaşmasından danışıb.
“Azərikimya” İB-nin baş mühəndisi Nadir Alıyev, icraçı direktorun müşaviri Firudin Mustafayev çıxış edərək etilen-polietilen zavodunda aparılmış əsaslı təmirlə bağlı geniş məlumat veriblər, icrası nəzərdə tutulan 400 bəndin hamısının yüksək keyfiyyətlə yerinə yetirildiyini vurğulayıblar.
Tədbirdə, eyni zamanda, tullantıların idarə olunması ilə bağlı texniki əsaslandırma sənədinin hazırlanması məsələsinə də toxunulub, həmçinin layihəsi “Azərikimya” İB-nin xüsusi konstruktor bürosu tərəfindən hazırlanan, tikintisi birliyin Təmir-Tikinti İdarəsi tərəfindən həyata keçirilən propan-propilen fraksiyasının kükürdlü birləşmələrdən təmizlənməsi və butan-butilen fraksiyasının hidrogenləşməsi üçün qurğuların tikintisində çalışan insanların əməyi yüksək qiymətləndirilib.
Əmək göstəriciləri ilə fərqlənən 48 nəfər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.