“Azəriqaz”ın əməkdaşları Tovuzda sahibkarlarla görüşüblər
Bakı, 15 fevral, AZƏRTAC
SOCAR "Azəriqaz" İstehsalat Birliyinin (İB) sahibkarlarla sayca 61-ci görüşü Tovuz rayonunda keçirilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, görüşü açan Şəmkir Rayon Qaz İstismar İdarəsinin rəisi Elman Qənbərov sahibkarlığın inkişafı istiqamətində dövlətin yürütdüyü siyasətin Birlik tərəfindən hər zaman dəstəkləndiyini diqqətə çatdırıb.
KOBİA-nın nümayəndəsi Nəriman Zamanov isə "Azəriqaz" İB ilə birgə həyata keçirilən bu cür layihələri yüksək qiymətləndirərək, sahibkarlığın inkişafı üçün hər zaman dəstəyin davam etdiriləcəyini vurğulayıb.
Rayonun Düz Qırıqlı, Quşçu və Qovlar kəndlərindən qatılan sahibkarlar Birliyin onlara yaratdığı şəraitə görə minnətdarlıqlarını ifadə ediblər. Üç sahibkarın istəyi isə debitor borca görə onlara edilən güzəştlərin bu il də davam etdirilməsi olub.
Görüşdə səslənən bu və ya digər müraciətlər aidiyyəti üzrə yönləndirilməsi üçün qeydə alınıb.