“Azərişıq” Bərdənin 8 kəndində yenidənqurma işləri aparır
Bakı, 1 avqust, AZƏRTAC
İstehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Mərkəzi Aran RETSİ, Bərdə Elektrik Şəbəkəsinin xidməti ərazisində geniş quruculuq işləri həyata keçirilir.
Bunu AZƏRTAC-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.
Onun sözlərinə görə, əhalisinin əksəriyyəti maldarlıq və əkin işi ilə məşğul olan Bərdənin Mehdili kəndinin elektrik enerjisi təsərrüfatı 60-cı illərin əvvəllərində qurulub və son illər istifadəyə yararsız vəziyyətə düşüb. 1500-dən çox sakinin yaşadığı kənddə elektrik enerjisi itkisi 30-35 faiz olub. Hazırda “Azərişıq” ASC Mehdilidə elektrik enerji təchizatını tamamilə yenidən qurur. İstismara yararsız dayaq və naqillər, həmçinin transformator məntəqələri, sayğaclar yenisi ilə əvəz olunur.
Bərdənin Yenidaş kənd ərazisində 35/10 kilovoltluq “Yeni Həyat” yarımstansiyası yenidən qurulur. Yarımstansiya 7 mindən çox sakinin yaşadığı 8 kəndi keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edəcək. 7,5 meqavolt\amper gücündə transformator quraşdırılan yarımstansiyadan 3 ədəd 10 kilovoltluq hava elektrik verilişi xətti çıxır. Yenidən qurulan yarımstansiya, həmçinin 100-dən çox su artezian quyusuna da elektrik enerjisi verir. Kəndlərin suya olan tələbatını ödəmək üçün bu yarımstansiya müstəsna rola malikdir. Açıq tipli yarımstansiya tikinti işləri tam başa çatdıqdan sonra qapalı şəraitdə fəaliyyətini davam etdirəcək.