İQTİSADİYYAT
“Azərspace-2” peykinin orbitə çıxarılması ilə bağlı tender elan edilib
Bakı, 16 iyul (AZƏRTAC). “Azərkosmos” ASC ikinci telekommunikasiya (“Azərspace-2”) peyki üçün orbital mövqedən birgə istifadəni, peykin layihələndirilməsini və peyk tutumlarının kommersiyalaşdırılmasını tənzimləyəcək müqavilələrin formalaşdırılması üzrə “Kənar hüquq məsləhət xidmətlərinin satınalınması”na dair açıq tender keçirir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təkliflər 60 gün müddətində qüvvədə olacaq. Xidmətin bu ilin sonunadək göstərilməsi nəzərdə tutulur. Təklif və bank zəmanəti avqustun 28-də saat 18-dək “Azərkosmos” ASC-yə təqdim edilməlidir. Tender proseduru avqustun 29-da saat 16-da başlayacaq.
Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçirilir.