“Azərsu” “Ən fəal dövlət müəssisəsi” mükafatına layiq görülüb
Bakı, 19 sentyabr, AZƏRTAC
Onlayn İctimai Nəzarət Platforması (www.e-nezaret.az) iyun-avqust aylarını əhatə edən rüblük fəaliyyətinə həsr olunmuş tədbir keçirib.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə son 3 ayda platformaya daxil olmuş müraciətlər və onların icra vəziyyəti müzakirə edilib.
Vurğulanıb ki, Onlayn İctimai Nəzarət Platforması foto və video sübutu olan problemləri aidiyyəti dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. Rübün nəticələrinə görə “Azərsu” vətəndaşların müraciətlərini operativ şəkildə həll edən ən fəal dövlət müəssisələrindən biridir və qeyd edilən problemlərin 84 faizi öz həllini tapıb.
Tədbirdə, həmçinin 2022-ci ilin iyun-avqust aylarında daxil olmuş müraciətlər və onların icra vəziyyəti barədə hesabat açıqlanıb. Hesabata əsasən, 12 dövlət qurumunun vətəndaşların müraciətlərinə baxılması üzrə fəal olduğu müəyyənləşdirilib və onlara müvafiq təltiflər təqdim olunub.
“Azərsu” ASC vətəndaşların müraciətlərini operativ şəkildə həll edən ən fəal dövlət müəssisəsi mükafatına layiq görülüb.
Eyni zamanda, digər 10 dövlət qurumuna Onlayn İctimai Nəzarət Platforması ilə əməkdaşlıq edərək vətəndaşların müraciətlərində qeyd olunan problemlərin həllində göstərdikləri köməkliyə görə təşəkkürnamələr təqdim edilib.