REGİONLAR
Azotlu gübrələrin səyyar satış xidməti başlayıb
Bakı, 14 fevral, AZƏRTAC
“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) müvafiq qaydalara uyğun olaraq saxlanılan, keyfiyyətli, mövsümə uyğun azotlu mineral gübrələrin rayon mərkəzlərindən uzaq məsafədə yerləşən kənd və qəsəbələrdə səyyar satış xidmətinə başlayıb.
AZƏRTAC xəbər verir ki, səyyar satış mövsüm bitənədək hər gün, ölkənin bütün istiqamətlərində fərqli məntəqələr üzrə, əsasən fermerlərin tələbatına uyğun kənd və qəsəbələrdə təşkil edilir. Respublikamızın bütün regionlarını əhatə edən səyyar satış xidməti zamanı ammonium-nitrat, karbamid, ammonium-sulfat, kalium-sulfat, həmçinin tələbat olduğu təqdirdə ammofos, nitroammofoska kimi mineral gübrələrin satışı həyata keçirilir. Əsas məqsəd, gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara Cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Səyyar satış vasitəsilə vətəndaşların mineral gübrələri asanlıqla əldə etməsi əkinə cəlb olunan bütün torpaqlarda gübrələrdən istifadə edilməsinə şərait yaradır və bu da məhsuldarlığın artmasına müsbət təsir göstərir. Fermerlər əkin mövsümündə mineral gübrələrin alışında sərf edəcəkləri məsrəfə qənaət etmək üçün Səhmdar Cəmiyyətin 1659 Satış Mərkəzinə müraciət edə bilərlər.
Müraciətlərə əsasən, səyyar xidmətlər kənd və qəsəbələrdə təşkil edilir. Satış zamanı fermerlər “Fermer kartı” və şəxsiyyət vəsiqəsini təqdim etməklə və ya nağd ödənişlə mineral gübrə əldə edə bilərlər. İstər “Fermer kartı”, istərsə də nağd ödəniş formasında gübrələrin qiyməti dəyişilməz olaraq qalır. Bu qayda həmçinin, anbardan və ya səyyar satış məntəqəsindən alış zamanı da keçərlidir.