İQTİSADİYYAT
Baba Rzayev: Yeni istilik elektrik stansiyası 1 milyard kubmetrə yaxın qaza qənaət olunmasına imkan verəcək
![Baba Rzayev: Yeni istilik elektrik stansiyası 1 milyard kubmetrə yaxın qaza qənaət olunmasına imkan verəcək](/files/2023/1/1200x630/16763012925630924850_1200x630.jpg)
Bakı, 13 fevral, AZƏRTAC
Bu gün təməli qoyulan yeni stansiya Azərbaycanın müstəqilliyi dövründə tikilən ən böyük elektrik stansiyasıdır. Bu möhtəşəm tədbir münasibətilə bütün xalqımızı təbrik edirəm. Gücü 1280 MVt olan stansiya “Azərbaycan” İstilik Elektrik Stansiyası ilə inteqrasiya edildikdən sonra onun gücü 1880 MVt-a çatdırılacaq.
Bu barədə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Azərbaycanın müstəqillik dövründə ən böyük İstilik Elektrik Stansiyasının fevralın 13-də keçirilən təməlqoyma mərasimində AZƏRTAC-a müsahibəsində deyib.
Layihənin bir sıra göstəricilərə görə əhəmiyyətini xüsusi vurğulayan B.Rzayev bildirib ki, Mingəçevir şəhərində müvafiq infrastruktur, o cümlədən ötürücü xətlər, qaz xətləri və s. mövcud olduğuna görə bu layihənin dəyəri ənənəvi layihələrdən 2,5-3 dəfə aşağıdır. Yeni stansiya il ərzində respublikamızda 800 milyon-1 milyard kubmetr qaza qənaət olunmasına imkan verəcək. Ümumiyyətlə, indiki bazar qiymətləri ilə baxsaq, layihəyə cəlb olunan investisiyanın ən uzağı 6 ilə geri qayıtması gözlənilir.
Hazırda Azərbaycanda yaşıl enerjinin istehsalı və ixracı ilə bağlı qarşıda mühüm vəzifələrin durduğunu vurğulayan B.Rzayev deyib: “Bu istilik elektrik stansiyasının bir önəmli xüsusiyyəti də odur ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan yaşıl enerji proqramının icrasına və yaşıl enerjinin ixracına mühüm töhfə verəcək”.