MƏDƏNİYYƏT
Baharın gəlişi qədim Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur
Bərdə, 18 mart (AZƏRTAC). Xalqımızın milli bayramı olan Novruz respublikamızın bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da böyük ruh yüksəkliyi ilə qeyd olunur, müxtəlif el şənlikləri keçirilir.
AZƏRTAC xəbər verir ki, martın 18-də Bərdə şəhərinin mərkəzi meydanında Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir. Minlərlə sakinin iştirak etdiyi tədbirdə Milli Məclisin deputatı Zahid Oruc və rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev bərdəliləri bayram münasibətilə təbrik etmiş, onlara cansağlığı, xoşbəxtlik və süfrələrinə bol ruzi, bərəkət arzulamışlar.
Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən şəxslərə fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.
Bayramsayağı bəzədilmiş meydanda alaçıqlar qurulmuş, xonçalar və səmənilər düzülmüş, müxtəlif milli oyunlar, Novruz adətləri, xalq tətbiqi sənəti nümunələri, milli xörəklər, şirniyyatlar nümayiş etdirilmişdir. Milli paltar geyinmiş atlıların, gənc idmançıların, pəhləvanların və kəndirbazın çıxışları maraqla qarşılanmışdır. Respublikanın tanınmış musiqiçiləri və rayonun bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etmiş, Dədə Qorqudun və Bahar qızın çıxışları, Kosa və Keçəlin zarafatları tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.