MƏDƏNİYYƏT
“Baharın rəngləri” mövzusunda sərgi açılmışdır
Bakı, 18 mart (AZƏRTAC). Martın 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) sərgi salonunda universitetin rəssamlıq fakültəsinin müəllim və tələbələrinin əsərlərindən ibarət “Baharın rəngləri” mövzusunda sərginin açılışı olmuşdur.
ADMİU-dan AZƏRTAC-a bildirmişlər ki, bu münasibətlə keçirilmiş tədbirdə universitetin rektoru, professor Timuçin Əfəndiyev müəllim və tələbələrin yaradıcılığının inkişafında və təbliğində bu cür sərgilərin əhəmiyyətindən danışmışdır.
Rektor respublikamızda mədəniyyət və incəsənət sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında və milli mədəniyyətin inkişafında mühüm xidmətlərini nəzərə alaraq ADMİU-nun 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı sərəncama görə universitetin kollektivi adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
Universitetin uğurlarından danışan T.Əfəndiyev bu günlərdə Almaniyada, özünün də iştirak etdiyi, tələbə rəssamların Xocalı faciəsinə həsr olunmuş sərgisindən, habelə rəssamlıq fakültəsinin dekanı Sevda Sadıqbəyova və kafedra müdiri Aytən Rzaquluyevanın Bolqarıstanda yaradıcılıq sərgisindən söz açmışdır.
Rəssamlıq fakültəsinin professoru Arif Əziz, Xalq Rəssamı, professor Ağəli İbrahimov, fakültənin dekanı, dosent Sevda Sadıqbəyova universitetdəki münbit yaradıcılıq prosesindən, ADMİU-nun 90 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdən söz açmışlar.
Sonra iştirakçılar yüzədək sənət nümunəsinin təqdim edildiyi “Baharın rəngləri” sərgisi ilə tanış olmuşlar.