BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 100 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4915 manata bərabər olmuşdur. Təklifin həcmi 70 min ABŞ dolları və tələbatın həcmi 100 min ABŞ dolları olduğu şəraitdə manatın məzənnəsi 1 bənd aşağı düşərək, 1 ABŞ dolları üçün 4916 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 ABŞ dolları üçün 4915,49 manat həddində idi. USDAZM T+0 aləti üzrə BEST-də 3 milyon 969 min ABŞ dollarına bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalentində 19 milyard 510 milyona bərabərdir. Bir əqdə, orta hesabla, 661500 dollar düşmüşdür.
USD/AZM T+1 və T+2 alətləri üzrə tələb olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır.
BEST-də AVR/AZM, RUR/AZM alətləri üzrə banklar tərəfindən sifarişlər verilməmişdir.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında ümumən 3 milyard 116 milyon manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Noyabrın 24-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.