Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 13 noyabr (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) noyabrın 12-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 ABŞ dolları üçün 0,7835 AZN-ə bərabər olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7835 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə heç bir əqd qeydə alınmamışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7835 AZN olmuşdur.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 10.544.129 AZN məbləğində əqdlər qeydə alınmışdır.
Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 ABŞ dolları üçün 0,7835 AZN-ə bərabər olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, 13.444.000 ABŞ dolları, yaxud manat ekvivalenti ilə 10.544.129AZN məbləğində əqdlər qeydə alınmışdır.
USD/AZN T+1, T+2, SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanmamışdır.
EUR/AZN və RUB/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 10,60 faiz, ABŞ dolları üzrə isə illik 11,13 faiz təşkil etmişdir.
Noyabrın 12-də birjada banklararası kredit alətləri üzrə əqdlər bağlanmamışdır.