Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ukraynalı tələbələr üçün onlayn mühazirə aparıb
Kiyev, 1 may, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təhsil şöbəsinin müdiri İrina Kunina Boris Qrinçenko adına Kiyev Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda onlayn mühazirə aparıb.
AZƏRTAC xəbər verir ki, mühazirəyə 40-dan çox tələbə qoşulub.
Universitetin müəllimi Anjelika Dosenkonun sözlərinə görə, mühazirə tələbələrin çox xoşuna gəlib, onlar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə bundan sonra da əməkdaşlıq etmək əhval-ruhiyyəsindədirlər. A.Dosenko deyib: “İrina Kuninanın maraqlı mühazirəsi tələbələrə çox xoş təsir bağışlayıb. Fikrimcə, bu tələbələrin (axı onlar gələcəyin jurnalistləridir) mədəniyyətlərarası, dinlərarası dialoq və tolerantlıq barədə məlumat əldə etmələri çox mühümdür. Çünki onlar gələcəkdə cəmiyyətlə, ictimai rəylə işləyəcəklər və milliyyətindən və dini mənsubiyyətindın asılı olmayaraq digər insanlara hörmətin vacib olduğunu başa düşməlidirlər”.
BBMM Azərbaycan multikulturalizmi konsepsiyasının təbliğinə istiqamətlənən mühazirə və tədbirləri pandemiya şəraitində davam etdirir. Məsələn, Ukraynada “Mənim üçün Azərbaycan multikulturalizmi nə deməkdir?” mövzusunda Azərbaycan multikulturalizminə dair videoişlərin Ümumukrayna müsabiqəsi keçirilir. Müsabiqə iştirakçılarına xatirə hədiyyələri təqdim olunacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev