Bakı Dövlət Universitetinin tələbələri “Ekspo-2025” sərgisi barədə məlumatlandırılıblar
Bakı, 30 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Gənclər və İdman Nazirliyi (GİN) və “Bakı Ekspo-2025” Əməliyyat Katibliyinin nümayəndələri “SABAH” qruplarının və “BİR” Tələbə Könüllü Proqramının dəstəyi ilə “Ekspo-2025” Ümumdünya Sərgisi haqqında təqdimatla çıxış ediblər.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Gənclər və İdman Nazirliyinin beynəlxalq standartların tətbiqi bölməsinin müdiri Məryəm Qafarzadə "Ekspo-2025"in mahiyyəti və önəmi barədə danışıb. M.Qafarzadə Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olmasını, Azərbaycanın “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu ilə təmsil olunduğunu deyib. O, Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka şəhərlərinin də “Expo-2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliklərini irəli sürdüklərini, sərginin keçiriləcəyi şəhərin isə bu ilin noyabrında müəyyən olunacağını qeyd edib.
Daha sonra Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehli və ƏƏSM-in məşğulluq və demoqrafiya şöbəsi müdirinin müavini Rəna Abdullayeva Azərbaycanın birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və Formula 1 kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən, ideal təşkilatçılıq fəaliyyətindən, o cümlədən "Ekspo-2025"in önəmindən bəhs ediblər.
Təqdimat zamanı Bakının “Expo-2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması barədə hazırlanmış filmlər nümayiş olunub.