“Bakı Marafonu – 2023” qalibləri adından Qarabağda “Marafon bağı” salınacaq
Bakı, 4 may, AZƏRTAC
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə mayın 7-də keçiriləcək Bakı Marafonunun iştirakçıları və izləyicilərinin diqqətini erməni işğalı nəticəsində Qarabağın ətraf mühitinə vurulan zərərə və bu zərərin aradan qaldırılmasının vacibliyinə yönəltmək məqsədilə Qarabağ Dirçəliş Fondu (QDF) və Fondun donoru “Stevedoring” şirkətinin maliyyə dəstəyi hesabına “Bakı Marafonu - 2023” qalibləri adından Qarabağda “Marafon bağı”nın salınması nəzərdə tutulur.
Qarabağ Dirçəliş Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin bağın ərazisində 1500-dən çox ağac əkiləcək və onların dayanıqlılığının təmin olunması üçün müasir suvarma sistemi quraşdırılacaq.
Qeyd edək ki, eyni zamanda, mayın 7-də Bakı Bulvarında təşkil ediləcək marafonun fan zonasında QDF tərəfindən “Marafon bağı” adlı xüsusi yaşıl pavilyon yaradılacaq. Ziyarətçilər stenddə quraşdırılacaq ödəniş terminalı və smartfonlar vasitəsilə Qarabağda “Marafon bağı”nın salınmasına dəstək olmaq üçün ağac ianə edə biləcəklər. İanə edən şəxslərə xüsusi “İanə Sertifikat”ları təqdim olunacaq. Həmçinin ekoloji lahiyələrə dəstəyin göstərilməsi Fondun fəaliyyətinin strateji istiqamətlərindən biridir. Bu məqsədlə 2021-ci il sentyabrın 23—də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılması və bərpa işlərinin görülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Qarabağ üçün ağac ianə etməklə bu təşəbbüsə dəstək göstərmək istəyənlər bunun üçün https://qdf.gov.az/iane-imkanlari/kartla-iane/#tree keçiddə plastik kartla ağac ianə etmək kifayətdir.