MƏDƏNİYYƏT
Bakı Musiqi Akademiyasında "Azərbaycan etnomusiqişünaslığı" kitabının təqdimatı keçirilib
![](/files/galleryphoto/2022/2/1200x630/16541822512233947595_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541822513471438213_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654182251275854633_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541822512509256962_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541822516931733_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541822514968410018_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654182251352149095_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541822513131332296_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654182251420353673_1200x630.jpg)
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 1-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMM) Qara Qarayev adına konfrans zalında Akademiyanın “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Tariyel Məmmədovun "Azərbaycan etnomusiqişünaslığı (1921-2021)" kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, iki hissədən ibarət olan kitabın birinci hissəsi akademiyanın 100 illiyinə həsr olunub, ikinci hissədə isə etnomusiqişünaslığın inkişaf yolları işıqlandırılıb. Burada Azərbaycan və rus dillərində akademiya əməkdaşlarının çap olunmuş kitablarının, metodik tövsiyələrinin, dissertasiya işlərinin siyahısı və "Tarixin canlı səsləri" adlı audio nəşri yer alıb.
Bu səslərin sırasında ümummilli lider Heydər Əliyev, Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli, görkəmli sovet bəstəkarı Dmitri Şostakoviç, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül kimi görkəmli musiqiçilərin də adları çəkilir. Kitabda azərbaycanlı müəlliflərlə yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, Tacikistan və Özbəkistanın bir sıra etnomusiqişünas alimlərin məqalələri toplanıb.
Tədbirdə BMA-nın Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva “Ön söz”lə çıxış edərək qeyd edib ki, kitabın işıq üzü görməsi Azərbaycan musiqi mədəniyyəti üçün təqdirəlayiq haldır.
Sonra Tariyel Məmmədov kitabının çap olunmasında əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, təqdimatda onlayn canlı bağlantı vasitəsilə xarici ölkələrdən olan müasir dövrün görkəmli musiqişünas alimləri - P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının prorektoru, sənətşünaslıq doktoru, professor Konstantin Zenkin, Moskva Dövlət Konservatoriyasının professoru, sənətşünaslıq doktoru Violeta Yunusova, AMEA, Memarlıq və İncəsənət İnstitutu, sənətşünaslıq doktoru, professor, AMEA-nın müxbir üzvü Rəna Məmmədova, sənətşünaslıq doktoru, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin Dövlət Sənətşünaslıq İnstitutunun aparıcı elmi işçisi Gültəkin Şamilli, M.Tursunzode adına Tacikistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun professoru, sənətşünaslıq doktoru Firuz Ulmasov Tariyel Məmmədovu və Bakı Musiqi Akademiyasını təbrik edərək, ürək sözlərini bildiriblər.
Çıxışlardan sonra bədii hissəyə yer verilib. Konsertdə BMA-nın müəllim və tələbələrin ifasında Malkoç Arnoldun "Alleqro", Fikrət Əmirovun "Poema-Monoloq", İohan Bramsın "Skerso", Astor Piazzolanın "Tanqo" və Tofiq Quliyevin "Ləzginka" əsərləri səsləndirilib.