MƏDƏNİYYƏT
Bakı Musiqi Akademiyasında tədbir - “Sevgi ilə keçən ömür”
Bakı, 10 oktyabr, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli əruzşünas alim, filologiya elmləri doktoru BMA-nın “Humanitar fənlər” kafedrasının müdiri, professor Tərlan Quliyevin 60 illiyinə həsr olunmuş “Sevgi ilə keçən ömür” adlı tədbir keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, öncə görkəmli pianoçu, Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli tədbirdəki bütün qonaqları salamlayaraq, Tərlan Quliyevi yubileyi münasibətilə təbrik edib.
Rektor onun Bakı Musiqi Akademiyasında uzun illər boyunca əruz vəznini, Azərbaycan klassik ədəbiyyatını, Azərbaycan dilini uğurla təbliğ etdiyini qeyd edib, yaradıcılığını yüksək qiymətləndirib.
Sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının müdiri Nuridə İsmayılzadə yubilyarı təbrik edib.
Tədbirdə Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, yazıçı, dramaturq, şair, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Şöbə müdiri Füzuli Bayat, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva, Əməkdar jurnalist, professor Xalid Niyazov, tədbirdə çıxış edərək Tərlan Quliyevi yubiley münasibətilə təbrik edib, yeni yaradıcılıq uğurları arzu ediblər.
T.Quliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Sonra Tərlan Quliyev Bakı Musiqi Akademiyasında ona göstərilən etimada görə qonaqlara təşəkkür edib.
Tədbir konsert proqramı ilə davam edib.