CƏMİYYƏT
Bakı Regional Mərkəzi “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda nəzəri-praktiki tədbir keçirmişdir
Bakı, 4 aprel (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Dövlət Sularda Xilasetmə, Tibb xidmətləri və Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə birlikdə Səbail rayonundakı 160 nömrəli orta məktəbdə “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda nəzəri-praktiki tədbir keçirmişdir.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, nəzəri hissə çərçivəsində FHN əməkdaşları müxtəlif fövqəladə hadisələr zamanı davranış qaydaları ilə bağlı çıxış və təqdimatlar etmişlər.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Bundan başqa, “Mercedes BENZ Sprinter” markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıq, əraziyə gətirilmiş akvalanq, xilasetmə və üzmə vasitələri, maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın göstərilməsi yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş olunmuşdur.
Tədbir Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının məktəbin həyətində yanğınsöndürmə texnika və vasitələrinin təyinatı, ondan istifadə qaydaları barədə təqdimatla və şərti yanğının söndürülməsi ilə başa çatmışdır.
Tədbirin məqsədi orta məktəbin müəllim-şagird heyətinə ehtimal olunan fövqəladə hadisə zamanı ilkin davranış qaydalarının aşılanmasıdır.