Bakı sakini: Əminəm ki, gələcəkdə ölkəmiz təbii qazla yanaşı dünya bazarına alternativ enerji də ixrac edəcək
Bakı, 25 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) sonuncu günü qeydiyyatdan keçib Bakı Olimpiya Stadionuna gəldim ki, burada keçirilən tədbirlərdə iştirak edim və xarici qonaqlarla tanış olum. Ölkəmizə bu qədər xarici qonağın gəlməsi və qlobal xarakter daşıyan məsələlərin müzakirəsi qürurvericidir.
Bu sözləri diplomatiya üzrə ali məktəbə qəbul olmağa hazırlaşan Bakı sakini İsmayıl Kərimov AZƏRTAC-a açıqlaması zamanı deyib.
O bildirib ki, forumda açıq keçirilən bir neçə sessiyada iştirak edib və şəhərsalma üzrə mütəxəssislərlə tanış olub.
“İlk dəfədir ki, belə beynəlxalq səviyyəli tədbirdə iştirak edirəm. Çox sevinirəm ki, Bakı artıq dünyada qlobal problemlərin müzakirə edildiyi məkana çevrilib. Marağıma səbəb olan “Ağıllı şəhər” layihələri oldu. Qarabağda da belə layihələr həyata keçirilir. Bu layihələrin insanlar üçün faydalı olduğunu düşünürəm. Günəş və küləkdən alınan enerjinin ekoloji baxımdan təmiz olması və şəhərlərin sırf alternativ və bərpaolunan enerji ilə təmin edilməsinin insanların sağlamlığına müsbət təsir etdiyi barədə bir neçə məqalə oxumuşam. Azərbaycan özünün inkişaf mərhələsini yaşayır və bu kimi tədbirlər dünya təcrübəsini öyrənib tətbiq etmək imkanı yaradıb. Bakının gözəlliyi, ölkəmizin turizm potensialı söhbət etdiyim qonaqlarda xoş təəssüratlar yaradıb. Əminəm ki, yaxın gələcəkdə ölkəmiz təbii qazla yanaşı dünya bazarına alternativ mənbələrdən aldığı enerjini də ixrac edəcək”, - deyə İsmayıl Kərimov vurğulayıb.