BAKI SLAVYAN UNİVERSİTETİNDƏ TƏLƏBƏ VƏ ŞAGİRDLƏRİN ELMİ KONFRANSI İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 6-da Bakı Slavyan Universitetində (BSU) tələbə və şagirdlərin xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş elmi konfransı öz işinə başlamışdır.
İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin bu ali təhsil ocağındakı büstü önünə əklil qoymuşlar.
Konfransda Moskva Linqivistik Universiteti, Moskva Şəhər Pedaqoji Universiteti, Tatar Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Biznes Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Turizm İnstitutunun tələbələri, Bakı şəhərinin bir sıra ümumtəhsil məktəblərinin şagirdləri iştirak edirlər.
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev ümummilli liderimiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin təhsilimizin inkişafına daim böyük əhəmiyyət verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulamışdır. Müasir tələblərə cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasının vacibliyini bildirən rektor, rəhbərlik etdiyi ali məktəbdə tələbələrin elmi fəaliyyətinin genişləndirilməsi üçün hər cür şərait yaradıldığını söyləmişdir. Bildirmişdir ki, respublikamızda ilk dəfə olaraq məhz BSU-nun tələbələri şəhər məktəbləri ilə yanaşı qaçqın şəhərciklərində yerləşən təhsil ocaqlarında da pedaqoji təcrübə keçmişlər.
Bakının 190 nömrəli orta ümumtəhsil məktəbində isə “Ali və orta təhsilin əlaqələndirilməsi” adlı baza kafedrası yaradılmışdır.
Rektor məlumat vermişdir ki, konfransda iştirak edən 280-ə yaxın iştirakçıdan 22 nəfəri qaçqın məktəblərinin şagirdləridir.
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin nəzdində “Roszarubejsentr”in ölkəmizdəki nümayəndəliyinin baş mütəxəssisi, professor Ənver Şeyxov, Ukraynanın Bakıdakı səfirliyinin mədəniyyət və mətbuat attaşesi Kristina Pivnyak və digər natiqlər də konfransın əhəmiyyətindən bəhs etmiş, onun işinə uğurlar arzulamışlar.
Konfrans mayın 8-də başa çatacaqdır.