BAKI-TBİLİSİ-QARS DƏMİR YOLU: AZƏRBAYCAN REGİONAL LAYİHƏLƏRİN LOKOMOTİVİDİR
Ceymstaun Fondunun Şərqi Avropa məsələləri üzrə icmalçısı, SSRİ və MDB məsələləri və etnik münaqişələr üzrə mütəxəssis Vladimir Sokorun fevralın 9-da Fondun nəşrində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə məqaləsi dərc olunmuşdur. AZƏRTAC məqaləni oxuculara təqdim edir.
Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixail Saakaşvili və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan fevralın 7-də Tbilisidə dəmir yolu tikintisinə dair üçtərəfli saziş, habelə regional əməkdaşlığa ümumi baxışlar haqqında bəyannamə imzaladılar.
Üç ölkənin regional əməkdaşlığı Cənubi Qafqazdan çox-çox kənara çıxır, çünki bu əməkdaşlıq bütün qitələrə uzanan layihələr deməkdir. Bunlar gələcəkdə Qazaxıstanla birləşəcək transxəzər Bakı-Tbilisi-Ceyhan neft kəməri, Mərkəzi Avropaya birləşməyi nəzərdə tutan və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə bağlanacaq Nabukko layihəsi və Cənubi Qafqazı Mərkəzi Avropa ilə birləşdirəcək, daha sonra Mərkəzi Asiyaya uzanacaq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihələridir.
Azərbaycan, demək olar, bu dəmir yolu layihəsinin lokomotivi, Qərbə yeni ixrac marşrutlarını nəzərdə tutan neft-qaz layihələrinin təşəbbüsçüsüdür. Onun maliyyə dəstəyi nəticəsində həm Türkiyə sərhədindən Axalkalakiyə qədər, həm də Axalkalakidən Gürcüstan-Azərbaycan sərhədinə qədər tikilməsi və modernləşdirilməsi nəzərdə tutulan BTQ artıq reallaşmağa başlayan dəmir yoludur. Türkiyə dəmir yolunun Qarsdan Gürcüstan sərhədinə qədər olan 68 kilometrlik hissəsini inşa edəcəkdir.
Azərbaycan dəmir yolunun Gürcüstandan keçən hissəsinin tikintisinə 220 milyon ABŞ dolları kredit verir. Kredit illik 1 faizlə iyirmi beş il müddətinə verilir. Gürcüstan bu borcu dəmir yolu işləyəndən sonra özünün tranzit gəlirlərindən ödəyəcəkdir. İmzalanmış kredit sazişini ölkə parlamentləri təsdiq etməli, sonra müsabiqə əsasında tikinti üçün podratçı şirkətlər müəyyən olunmalıdır. Xüsusilə 2006-cı ildə Rusiya Gürcüstana nəqliyyat blokadası tətbiq etdiyi zaman bu dəmir yolunun çəkilməsi zəruri oldu.
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstanın iqtisadi inkişaf naziri Georgi Arveladze və Türkiyənin nəqliyyat naziri Binali Yıldırım fevralın 7-də Tbilisidə dəmir yolunun tikintisi haqqında saziş imzalamışlar. Tikinti işləri 2007-ci ilin üçüncü rübündə başlanacaq, dəmir yolu iki il yarım ərzində istifadəyə verilməlidir. İlk vaxtlar illik yük buraxılışı 5 milyon ton olan dəmir yolu üç ildən sonra 10-15 milyon ton, tam gücü ilə işləməyə başlayanda isə 20 milyon ton yük daşıya biləcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycandan Gürcüstana, oradan isə Türkiyəyə keçərək, Bosfor boğazından tunel vasitəsilə Avropaya uzanacaqdır.
Bakı-Tbilisi-Qars layihəsi maliyyə məsələlərinə görə (xüsusən, Gürcüstan hissəsinin tikintisinə görə) on ildən artıq idi ki, yubanırdı. Neft layihələrindən aldığı gəlir sayəsində indi Azərbaycan bir vaxt təşəbbüsçüsü olduğu bu nəqliyyat layihəsində yenə də aparıcı rol oynayır. İmzalanma mərasimində Gürcüstan Prezidenti Mixail Saakaşvili bu inteqrasiya layihələrinə rəvac vermiş Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevi minnətdarlıqla xatırlamış, öz xalqını 2006-cı ilin yanvar ayında Rusiyanın enerji blokadası zamanı Azərbaycanın qaz və elektrik təchizatında Gürcüstana göstərdiyi köməyi “heç vaxt” unutmamağa çağırmışdır. Halbuki, bu zaman Rusiya Azərbaycan üçün də qazın satış qiymətlərini qaldırmışdı.
Prezidentlər Tbilisidə türkiyəli və avstriyalı inşaatçıların tikdiyi hava limanını da açmışlar. Türkiyə, eyni zamanda, öz ərazisində Batumiyə qədər uzanan avtomobil yolunu tikir, Gürcüstan isə Tbilisidən Batumiyə yeni yol çəkir. Bu olaylar, yəqin, Saakaşvilinin dediyi “Cənubi Qafqazda yeni era”nın müjdələridir.
Ermənistan yenə də Bakı-Tbilisi-Qars layihəsinə qarşı çıxır. Yerevan təkid edir ki, Türkiyə Ermənistan qüvvələrinin Azərbaycan ərazilərini işğal etdiyinə görə 1994-cü ildə bağladığı Qars-Gümrü dəmir yolundan istifadə etsin. Halbuki, Bakı-Tbilisi-Qars və Qars-Gümrü dəmir yolları heç cürə müqayisə edilə bilməz. Birincisi, transkontinental səciyyə daşıyır, iknicisi isə yerli əhəmiyyətə malikdir.
Ermənistanın bu layihəyə və deməli, üç qonşu ölkənin maraqlarına qarsı çıxması onun uzun müddət ərzində Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qarşı təkidli və mənasız müqavimətini xatırladır. Erməni lobbisi, hər halda, ABŞ-ı Bakı-Tbilisi-Qars layihəsini dəstəkləməkdən çəkindirmişdir. Daha geniş mənada Yerevanın Bakı-Tbilisi-Qars layihəsinə qarşı çıxması, Ermənistanı regional inteqrasiya layihələrinə qoşmaq istiqamətində ABŞ administrasiyasının göstərdiyi səyləri daha da mürəkkəbləşdirir.