BAKI VERGİLƏR DEPARTAMENTİNDƏ 195 NÖMRƏLİ TELEFON MƏLUMAT XİDMƏTİNİN TƏQDİMATI OLMUŞDUR
Tədbirdə vergilər naziri Fazil Məmmədov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, həmçinin hər iki qurumun rəhbər vəzifəli şəxsləri iştirak etmişlər.
Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov çıxış edərək bu xidmət növünün əhəmiyyətindən danışmış, vergi orqanları ilə vergi ödəyiciləri arasında sıx əməkdaşlq əlaqələrinin qurulması istiqamətində 195 nömrəli telefon xidmətinin getdikcə artan rolunu vurğulamışdır.
Qeyd edilmişdir ki, 195 nömrəli telefon məlumat xidməti 2003-cü ilin sonlarından Bakı şəhərini əhatə etməklə fəaliyyətə başlamışdır. Hazırda respublikanın bütün regionlarından zəngləri qəbul edən bu xidmət vergi ödəyicilərinin müraciətlərinin müasir tələblərə uyğun cavablandırılması, onların vergi orqanına gəlmədən vergi qanunvericiliyinə dair düzgün və operativ informasiya almaları üçün ödənişsiz fəaliyyət göstərir.
Telefon məlumat xidməti fasiləsiz olaraq avtomatik və canlı rejimdə fəaliyyət göstərir. Ötən iki il ərzində telefon xidmətinə daxil olmuş 397 minədək müraciətdən 277 mini avtomatik, 119 mini isə canlı rejimdə mütəxəssislər tərəfindən birbaşa cavablandırılmışdır.
195 nömrəli telefon məlumat xidməti iş günü ərzində saat 9-dan 18-dək canlı rejimdə, qeyri-iş günləri və iş günləri saat 18-dən sonra avtomatik rejimdə fəaliyyət göstərir.