Bakıda aptekə basqın edən şəxs tutulub
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 21-də axşam saatlarında Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən apteklərdən birindən üzündə maska olan naməlum şəxs əlində tapançaya oxşar alətlə əczaçını hədələməklə 700 manat pulu quldurluq yolu ilə talayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, idarənin Cinayət-Axtarış İdarəsi və 15-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan 1979-cü il təvəllüdlü İ.Paşayev müəyyən olunaraq tutulub.
Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində başlayan cinayət işi üzrə, şübhəli şəxsin ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.