Bakıda axşam konsertləri davam edir
Bakı, 17 avqust, AZƏRTAC
Xəbər verdiyimiz kimi, ötən həftədən etibarən Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib.
BŞİH-dən AZƏRTAC-a bildirilib ki, ötən gün yenidən paytaxtın dörd rayonunda sakinlərimizin və şəhərin çoxsaylı qonaqlarının sevimli istirahət yerlərində - parklarda axşam konsertləri keçirilib.
Budəfəki konsert proqramları Xətai rayonundakı “Nizami Gəncəvi” parkında, Nərimanov rayonunda “Gənclik” metro stansiyasının yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun Meşə parkında, Nizami rayonundakı Heydər Əliyev və Mərkəzi Nəbatat parklarında təşkil edilib.
Konsert proqramlarının təşkil edildiyi park və istirahət bağları paytaxt sakinlərinin ən çox üz tutduğu istirahət məkanları sırasındadır. Burada insanların asudə vaxtlarını rahat və mənalı keçirməsi üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq zolaqları, istirahət guşələri və uşaq əyləncə meydançaları bu məkanları hər yaşdan olan ziyarətçilər üçün cəlbedici edir. Burada gün ərzində uşaqlar oynayır, ailələr piknik edir, gənclər və yaşlı nəslin nümayəndələri isə təmiz hava və sakit mühitdən zövq alaraq dincəlirlər. Bu parklar minlərlə sakinin sevimli görüş və istirahət ünvanına çevrilib.
Peşəkar və gənc ifaçıların, musiqi qruplarının bir araya gəldiyi konsertlərdə estrada, xalq və klassik musiqi nümunələri, həmçinin müxtəlif instrumental ifalar səsləndirilib.
Sakinlər, xüsusilə konsertdə iştirak edən müxtəlif yaş qruplarına aid uşaqlar, gənclər musiqi sədaları altında rəqs ediblər.
Axşam konsertləri gələn həftənin şənbə günü də təşkil ediləcək.