BAKIDA “AZƏRBAYCAN VƏ TÜRKİYƏ MƏTBUATI” MÖVZUSUNDA İKİNCİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 29-da Türkiyənin Bakıdakı səfirliyində “Azərbaycan və Türkiyə mətbuatı” mövzusunda ikinci konfrans keçirilmişdir.
Hər iki ölkənin əlaqədar dövlət qurumları və jurnalist təşkilatları nümayəndələrinin, KİV təmsilçilərinin iştirak etdikləri tədbiri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq bildirmişdir ki, artıq ikinci dəfə keçirilən konfransda Azərbaycan və Türkiyə mətbuatındakı oxşar və fərqli cəhətlər müzakirə olunur, təcrübə mübadiləsi aparılır. Azərbaycan və Türkiyə mətbuatının bir-birindən öyrənməli çox cəhətləri vardır.
Azərbaycanda jurnalistlərin fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən söz açan Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Nazim İsayev demişdir ki, ölkəmizdə KİV sahəsində qanunvericilik tam demokratikdir. Hazırda Azərbaycan jurnalistikasındakı mövcud problemlərin, o cümlədən peşəkarlıq məsələsinin həllində Türkiyə təcrübəsinin öyrənilməsi müsbət səmərə verər.
Türkiyə Mətbuat Yayım və İnformasiya İdarəsinin baş direktoru Salih Mələk qardaş ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsi işində mətbuatın üzərinə düşən vəzifədən söz açmışdır.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç səfirliyin mətbuatla əlaqələrə böyük önəm verdiyini bildirmiş, jurnalistləri milli və dövlət maraqları ilə bağlı məsələləri işıqlandırarkən diqqətli olmağa çağırmışdır.
Türkiyə Mətbuat Yayım və İnformasiya İdarəsinin fəaliyyətindən bəhs edən filmin nümayişindən sonra konfrans işini bölmə iclaslarında davam etdirmişdir.
Dörd bölmə iclasında mətbuat-siyasət əlaqələri, informasiya xidməti, KİV sahəsində qanunvericilik, jurnalist etikası, mətbuata etimad mövzularında, habelə xəbər hazırlanmasında yeni metodlara dair müzakirələr aparılmışdır.
######
