İDMAN
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günündə rusiyalı atletlər fərqləniblər
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 23-də Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ikinci gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 17 ölkədən məşhur gimnastların mübarizə apardığı yarışın ikinci günündə gimnastlar gürz və lentlə fərdi proqram üzrə çıxış ediblər. Bu proqram üzrə yarışlarda Azərbaycanın idman şərəfini ilk Avropa Oyunlarının gümüş medalçısı, Avropa çempionatının bürünc mükafatçısı, “Rio-2016” Olimpiya Oyunlarının iştirakçısı Marina Durunda və Avropa çempionatının gənclər arasında gümüş və bürünc medalçısı Jalə Piriyeva qoruyublar. Marina Durunda 18.500 xalla beşinci olub və finala yüksəlib. Digər gimnastımız Jalə Piriyeva 17.350 xalla 14-cü pillədə qərarlaşıb və həlledici mərhələyə vəsiqə qazana bilməyib.
Lentlə yarışda Rusiya idmançıları ilk üç pillədə qərarlaşıblar. Marqarita Mamun 19.350 xalla birinci, Yana Kudryavtseva 19.300 xalla ikinci, Aleksandra Soldatova 19.000 xalla üçüncü olublar.
Gürzlərlə yarışlarda da rusiyalı gimnastların hegemonluğu hiss olunub. Yana Kudryavtseva (19.450 xal) birinci, Marqarita Mamun (19.400 xal) ikinci, Aleksandra Soldatova (18.900 xal) üçüncü olublar.
Azərbaycan gimnastları gürzlə yarışlarda finala vəsiqə qazana bilməyiblər. Belə ki, Marina Durunda 13-cü, Jalə Piriyeva isə 18-ci olub.
Çoxnövçülük üzrə yarışın qalibləri müəyyənləşib. Dörd hərəkətin cəmində medallar rusiyalı gimnastlara qismət olub. Hesabında 77.150 xal olan Marqarita Mamun qızıl medala sahib olub. Yana Kudryavtseva 77.050 xalla gümüş, Aleksandra Soldatova 75.850 xalla bürünc medal qazanıblar.
Çoxnövçülük yarışlarında gimnastlarımız - Marina Durunda onuncu, Jalə Piriyeva isə 14-cü pillədə qərarlaşıb.
Daha sonra qrup hərəkətləri yarışında gimnastlar 3 gürz və 2 halqa ilə mübarizəyə qoşulublar. Qrup hərəkətləri yarışlarında ölkəmizi Avropa çempionatının gümüş medalçıları Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celep təmsil ediblər.
Qrup komandamız 17.650 xalla yeddinci olub və finala adlayıb. İlk üçlükdə isə Rusiya (18.850 xal), İtaliya (18.550 xal), İsrail komandası (18.450 xal) yer alıblar.
İki günün nəticəsinə görə, qrup komandalarının yarışında Rusiya millisi 37.650 xalla qızıl medala sahib olub. İsrail yığması 36.800 xalla gümüş, İtaliya komandası 36.700 xalla bürünc medal qazanıblar.
Dünya Kuboku yarışlarında ötən mərhələlərində uğurla çıxış etmiş rusiyalı atlet Marqarita Mamun Beynəlxalq Gimnastika Federasiyasının (FİG), onun komanda yoldaşı Yana Kudryavtseva Azərbaycan Gimnastika Federasiyasının (AGF) xüsusi kuboklarına sahib olublar. Rusiyanın qrup komandası isə FİG və AGF-nin xüsusi kubokunu qazanıb.