MƏDƏNİYYƏT
Bakıda “Bir gəncin gözü ilə Kipr” fotosərgisi açılmışdır
Bakı, 1 fevral (AZƏRTAC). Fevralın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində Gənclər Gününə həsr edilmiş “Bir gəncin gözü ilə Kipr” fotosərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, fotosərgi Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşəbbüsü ilə təşkil edilmişdir.
Sərgidə hazırda Şimali Kiprin Doğu Akdeniz Universitetinin biznesin idarə edilməsi fakültəsində təhsil alan İsmayıl Mahmudovun fotoşəkilləri nümayiş olunmuşdur.
Tədbirdə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Doğu Akdeniz Universitetinin prorektoru, professor Osman Yılmaz və digərləri çıxış edərək sərgini yüksək qiymətləndirmişlər. Bildirilmişdir ki, ötən ildən fəaliyyətə başlayan Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin əsas məqsədi Şimali Kiprdə yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əlaqələrin yaradılması və eyni zamanda, Azərbaycanın mədəniyyətini, folklorunu, milli adət-ənənələrini, tarixi abidələrini təbliğ etməkdən, ölkəmizin və Şimali Kiprin ali təhsil ocaqlarında təhsil alan gənclərin əməkdaşlığının genişləndirilməsinə yardım göstərməkdən ibarətdir.
Belə gənclərdən biri olan İsmayıl Mahmudovun Şimali Kiprə aid çəkdiyi fotoşəkillər cəmiyyət tərəfindən yüksək səviyyədə hazırlanaraq sərgi formasına salınmışdır.
İsmayıl Mahmudov 1994-cü il iyulun 16-da Gürcüstanın Marneuli şəhərində anadan olmuş, 2011-ci ildə Bakı şəhərinin Xətai rayonundakı 58 nömrəli orta məktəbi bitirmişdir. O, ötən il Doğu Akdeniz Universitetinə daxil olmuşdur.
Ekspozisiyada Kiprin tarixi yerlərini əks etdirən 42 fotoşəkil nümayiş olunmuşdur.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin ilk layihəsi olan “Bir gəncin gözü ilə Kipr” sərgisinin bu il mayın 28-də Belçikada, iyun ayında Moskvada və Sankt-Peterburqda, iyulda isə Fransada keçirilməsi nəzərdə tutulmuşdur.