BAKIDA BİRİNCİ BAVARİYA-AZƏRBAYCAN İQTİSADİ FORUMU KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 15-də “Park İNN Azərbaycan” mehmanxanasında Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə birinci Bavariya-Azərbaycan iqtisadi forumu keçirilmişdir.
Tədbirdə Almaniyanın Bavariya əyaləti tərəfdən tikinti, infrastruktur, maşınqayırma, yüngül sənaye, enerji və su təçhizatı, metal emalı, turizm, ətraf mühitin mühafizəsi texnikası və logistika, memarlıq, şəhərsalma, planlaşdırma sahələrini təmsil edən müəssisələrdən 35-ə yaxın iş adamı, Azərbaycan tərəfdən isə müvafiq sahələrdə fəaliyyət göstərən 50-dən çox sahibkar iştirak etmişdir.
İqtisadi forumu DAWF-in icraçı direktoru Florian Şröder açaraq görüşün əhəmiyyətindən danışmış, tədbirin dost ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirmişdir.
Almaniyanın Azərbaycandakı səfirinin daimi nümayəndəsi Hans-Josef Over, Bavariya əyalətinin İqtisadiyyat, İnfrastruktur, Nəqliyyat və Texnologiyalar Nazirliyi şöbə müdirinin müavini Falk Senger və DAWF idarə heyətinin sədr müavini, “Commerzbank”ın Bakı nümayəndəliyinin rəhbəri Marko Qraff Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin hazırkı vəziyyətindən məmnunluqlarını bildirmiş, belə tədbirlərin iş adamları arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırmışlar. Son iki ildə alman biznesmenlərinin Azərbaycana, ölkəmizin iş adamlarının Almaniyaya çoxsaylı səfərləri vurğulanmışdır.
Falk Senger Almaniyanın ən iri əyaləti olan Bavariyanın iqtisadi göstəriciləri, biznes mühiti barədə geniş məlumat vermişdir.
Bavariya haqqında sənədli film göstərilmişdir.
İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığın İnkişafı Departamentinin direktoru Samir Nuriyev bu gün Azərbaycanın həm siyasi, həm də iqtisadi islahatların ən dinamik şəkildə həyata keçirildiyi ölkələrdən biri olduğunu diqqətə çatdırmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş məqsədyönlü siyasət, ölkənin üzləşdiyi ağır siyasi və iqtisadi böhranı aradan qaldırmaqla yanaşı, Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasını təmin etmişdir.
Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasəti ilə uğurlu davamını tapmış bu islahatlar öz müsbət nəticələrini ildən-ilə daha qabarıq şəkildə göstərməkdədir. Həyata keçirilən islahatlar ölkədə makroiqtisadi sabitliyin bərqərar olmasına, ümumi daxili məhsulun (ÜDM) dinamik artımına səbəb olmuşdur. İnkişaf tempinə görə, nəinki MDB məkanında, hətta dünya ölkələri arasında ön sıralara çıxmış Azərbaycanda 2007-ci ildə ÜDM-in artımı 25 faiz olmuşdur.
Ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən mütərəqqi hüquqi-normativ baza, sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafının dəstəklənməsi üzrə konkret dövrlər üçün qəbul edilən dövlət proqramlarının həyata keçirilməsi və işgüzar mühitin yaxşılaşdırılması istiqamətində ardıcıl və sistemli iş təşkil olunmuşdur.
Azərbaycan dünya ölkələri ilə ikitərəfli iqtisadi münasibətlərin qurulması sahəsində də müsbət nəticələr əldə etmişdir. Bu baxımdan Almaniya ilə dinamik inkişaf edən əməkdaşlıq əlaqələrini qeyd etmək lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin ötən il martın 14-dən 16-dək Almaniyaya rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli iqtisadi münasibətlərin inkişafına güclü təkan vermişdir. 1997-ci ildən müntəzəm olaraq hər il ikitərəfli əməkdaşlığa dair Almaniya-Azərbaycan hökumətlərarası görüşləri keçirilir. Ölkələrimiz arasında ticarət əlaqələri də ildən-ilə genişlənir. 2007-ci ildə Azərbaycanın Almaniya ilə ümumi ticarət dövriyyəsinin həcmi 490,7 milyon ABŞ dolları təşkil etmişdir.
S.Nuriyev demişdir ki, bununla belə, ölkələrimiz arasında infrastruktur layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı, kimya, maşın və cihazqayırma, turizm, yüngül sənaye sahələrində əməkdaşlıq üçün çox böyük potensial mövcuddur. Əminəm ki, bugünkü tədbir ölkələrimiz arasında, əsasən də Almaniyanın Bavariya əyaləti ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz əhəmiyyətli töhfəsini verəcəkdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Emil Məcidov qonaqlara respublikamızda xarici iş adamları üçün yaradılmış imkan və perspektivlər barədə geniş məlumat vermişdir. Bildirmişdir ki, İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış AZPROMO və Azərbaycan İnvestisiya Şirkəti biznesin təşkilində xarici sərmayədarlara kömək göstərməyə həmişə hazırdır.
Sonra iqtisadi forum öz işini Azərbaycan və Bavariya iş adamlarının ikitərəfli görüşləri ilə davam etdirmiş, biznesmenlər fikir mübadiləsi aparmış, həmçinin “Azərbaycanda tikinti sənayesi” mövzusunda dəyirmi masa keçirilmişdir.
######
![]() |
![]() |

