Bakıda “Capago” viza mərkəzinin açılış mərasimi keçirilib
Bakı, 30 mart, AZƏRTAC
Bakıda “Capago” viza mərkəzinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Fransanın Azərbaycandakı səfirliyinin konsulu Antuan Simene viza mərkəzinin ötən il noyabrın 7-dən xidmətə başladığını diqqətə çatdırıb. Bildirib ki, bu müddət ərzində mərkəz 3 minə yaxın insana xidmət edib. Ümumilikdə, 2017-ci ildə Azərbaycan üzrə, eləcə də Fransa və bu ölkənin viza təqdim etdiyi digər ölkələr üzrə 15 min viza müraciətinə baxılıb. Bu il müraciətlərin sayının 18 minə çatacağı gözlənilir. “Capago” ildə 50 min insana xidmət etmək potensialına malikdir. Vurğulanıb ki, Fransa viza verilməsi prosesini asanlaşdırmaq üçün bu işi özəl şirkətlərə həvalə edir. Azərbaycanda viza müraciəti edənlərin 80 faizi şirkətin işindən razı qalıb.
Daha sonra çıxış edən “Capago” viza mərkəzinin baş icraçı direktoru Jan Lyuk Baqroye bildirib ki, şirkət viza müraciətlərini həll etmək üçün Avropa diplomatik şəbəkələrinə dəstək məqsədilə 2009-cu ildə yaradılıb. Mərkəzlər viza müraciətlərinin yerinə yetirilməsi üçün konsulluq xidmətləri ilə daim əlaqə saxlayır. Azərbaycandakı mərkəzdə Fransa ilə yanaşı, bu ölkənin viza verdiyi Hollandiya, Belçika, Lüksemburq, İspaniya və Portuqaliya üçün də viza müraciətləri həll edilir.
Sonra tədbir iştirakçılarına azərbaycanlı gənc rəssamların əsərləri nümayiş olunub.