Bakıda Çin dilində mahnı müsabiqəsi keçirilib
Bakı, 21 aprel, Pərvanə Rəhimova, AZƏRTAC
Aprelin 21-də “Metropark” ticarət mərkəzində Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki Konfutsi İnstitutunun yaranmasının yeddinci ildönümü münasibətilə “Arzular yaranır” adlı Çin dilində mahnı müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Çin üzrə direktoru xanım Luo Siaocı müsabiqənin əhəmiyyətindən danışıb.
Bildirib ki, bu gün Çin dili və mədəniyyətini sevənlərin bayramıdır. 2011-ci il aprelin 22-də BDU-nun nəzdində Konfutsi İnstitutu fəaliyyətə başlayıb: “Ötən yeddi il ərzində bir çox çətinliklərin öhdəsindən gəldik, uğurlar əldə etdik. Hər il Azərbaycanda Çin dilinə artan maraq buna əyani sübutdur. İnsanlar bilir ki, Çin dili çox çətindir, lakin Konfutsi İnstitutunun müəllimləri Azərbaycanda bu dili öyrənən tələbələrə kömək etməyə hazırdırlar. Konfutsi İnstitutunun fəaliyyəti həm də Azərbaycanda Çin dilini öyrənən tələbələr üçün bir məktəbdir”.
Luo Siaocı bildirib ki, müsabiqənin təşkilində məqsəd ölkəmizdə bu dilə marağı artırmaqdır. Bu il Konfutsi İnstitutunun yaranmasının yeddinci ildönümü münasibətilə Bakıda bir sıra tədbirlər keçiriləcək.
Tədbirdə iştirakçılar Konfutsi İnstitutunun tələbələrinin rəsm əsərləri ilə tanış olublar.
Müsabiqə çərçivəsində Çin dilini öyrənən, Çin milli mədəniyyətini sevən azərbaycanlılar bilik və bacarıqlarını nümayiş etdiriblər. İştirakçılar yarışa fərdi və ya qrup şəklində qatılıblar. Müsabiqədə Konfutsi İnstitutunun tələbələri ilə yanaşı, Çin dilini öyrənən digər gənclər də iştirak ediblər.
Müsabiqənin sonunda ilk üç yerə layiq görülənlərə və fərqlənənlərə sertifikatlar və mükafatlar təqdim olunub.