BAKIDA CÜDO ÜZRƏ DÜNYA KUBOKU UĞRUNDA TURNİRİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 11-də Bakı İdman Sarayında qadın və kişilər arasında cüdo üzrə dünya kuboku uğrunda turnirin təntənəli açılış mərasimi keçirilmişdir.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra ölkəmizin cüdoçularının nailiyyətləri haqqında videosüjet nümayiş olundu. Daha sonra Pekin Olimpiadasının qızıl medalçısı Elnur Məmmədli qonaqları və yarış iştirakçılarını salamlayaraq hər bir idmançıya Olimpiya zirvəsini fəth etməyi arzuladı.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Bakının artıq ikinci dəfə cüdo üzrə dünya kuboku yarışlarına ev sahibliyi etdiyini xatırlatdı. İ.İsmayıov son illərdə respublikamızda 19 olimpiya idman kompleksinin inşa olunduğunu xatırladaraq, bu təşəbbüsün ölkəmizin bütün rayonlarını əhatə edəcəyini bildirdi.
Avropa Cüdo İttifaqının maliyyə və menecment departamentinin direktoru Laslo Tott Pekin Olimpiadasının qalibi Elnur Məmmədlini və Olimpiadanın bürünc mükafatçısı Mövlud Mirəliyevi təbrik edərək Azərbaycan idmançılarını London Olimpiadasında görməyi arzuladı.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov Azərbaycanda cüdo ənənələrinin qədim tarixə malik olduğunu bildirərək, ölkəmizdə idmanın bu növünün gənclər arasında populyar olduğunu xatırlatdı. F.Ələkbərov Azərbaycan idmançılarının London Olimpiadasında daha yüksək nailiyyətlər qazanacağına əminliyini ifadə etdi.
Daha sonra incəsənət ustalarının çıxışları oldu.
Rusiya Cüdo Federasiyasının vitse-prezidenti, Baş nazir Vladimir Putinin şəxsi məşqçisi Anatloli Raxlin və Olimpiya oyunlarının mükafatçısı, 7 qat Avropa çempionu Bəşir Varayev yarışın gedişini izləyənlər arasında olmuşlar.
Bədii hissə başa çatdıqdan sonra turnir final və üçüncü yer uğrunda qarşılaşmalarla davam etdi.
Turnirdə Azərbaycan, Rusiya, Gürcüstan, Litva, Türkiyə, Belarus, Ukrayna, Yunanıstan, İsveçrə, Kanada, Hollandiya, Polşa, Çexiya, Xorvatiyadan 184 idmançı mübarizə aparır.
######
![]() |
![]() |
![]() |


