BAKIDA FTİZİATORLARIN VƏ PULMONOLOQLARIN İKİNCİ QURULTAYI AÇILMIŞDIR
Səhiyyə naziri Əli İnsanov qurultayı açaraq, vərəm xəstəliyi ilə mübarizədə Azərbaycan həkimlərinin xidmətlərindən danışmış və bildirmişdir ki, regionun digər ölkələrindən fərqli olaraq, respublikamızda bu təhlükəli xəstəliyin yayılması halları qeydə alınmamış, uşaqlar arasında vərəm və meningit xəstəliklərinə tutulma halları tamamilə aradan qaldırılmışdır.
Azərbaycanda vərəm əleyhinə ilk tibb müəssisəsi - dispanser 1923-cü ildə Bakıda açılmışdır. Azərbaycan həkimlərinin və alimlərinin təcrübəsindən, yüksək ixtisaslı kadrlardan 1944-cü ildə açılmış Ağciyər Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda istifadə olunmuşdur.
Nazir bütün dünyada vərəm xəstəliyinin epidemioloji vəziyyəti üzərində dayanaraq bildirmişdir ki, hər il bu xəstəlikdən 3 milyon adam ölür, bunun da 25 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Əli İnsanov institutun maddi-texniki bazasının möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulamışdır. Prezidentin 1998-ci ildə Yaponiyaya rəsmi səfərindən sonra bu ölkənin hökuməti institutun yenidən qurulmasına 2 milyon dollar ayırmışdır. Almaniya hökuməti isə Azərbaycanda vərəmə qarşı DOTS proqramının həyata keçirilməsinə təxminən 2 milyon avro ayırmışdır və hazırda bu vəsaitdən səmərəli istifadə olunur.
Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə dövlətimizin başçısı İlham Əliyevin ETİ-nin kollektivinə təbrik məktubunu oxumuşdur.
Sonra qurultayda fəxri qonaqların və ölkənin tibb müəssisələri rəhbərlərinin təbrikləri səslənmişdir.
Səhiyyə Nazirliyi kollegiyasının qərarı ilə Ağciyər Xəstəlikləri ETİ-nin bir sıra əməkdaşları nazirliyin fəxri fərmanları ilə təltif olunmuşlar. Rusiya Tibb Elmləri Akademiyasının Mərkəzi Vərəm ETİ-nin kollektivi də Azərbaycan elmi üçün kadrlar hazırladığına görə fəxri fərmana layiq görülmüşdür.
Qurultayın birinci ümumi iclası oktyabrın 11-də Azərbaycan Tibb Universitetində keçirilmişdir. İclası nazir Əli İnsanov açaraq, son 60 ildə Azərbaycanda vərəmlə mübarizənin vəziyyəti haqqında məruzə etmişdir. Vərəmlə mübarizənin müxtəlif cəhətlərinə - diaqnostikaya, immunologiyaya, patomorfologiyaya həsr olunmuş məruzələr də dinlənilmiş, yeni dərman preparatları müzakirə edilmişdir.