BAKIDA “HƏR MÖVSÜMDƏ AZƏRBAYCAN” ADLI BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 6-da Avropa hotelində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm İnstitutu (ATİ) və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti birgə “Hər mövsümdə Azərbaycan” adlı beynəlxalq konfrans keçirmişlər. Azərbaycan turizminin hərtərəfli öyrənilməsinə, turizm potensialına, bütün fəsillər üzrə inkişaf perspektivlərinə həsr olunmuş konfransda xarici və yerli mütəxəssislər, sənaye müəssisələrinin nümayəndələri, dövlət rəsmiləri və başqaları iştirak etmişlər.
ATİ-nin rektoru Cəfər Cəfərov ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində keçirilən tədbirin əhəmiyyətindən danışaraq bildirmişdir ki, Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra turizm ölkənin sürətlə inkişaf edən sahələrindən birinə çevrilmişdir. Natiq “2002-2005-ci illərdə Turizmin İnkişafı Dövlət Proqramı”nın mahiyyətindən danışmış, bu proqramın bütün müddəalarının uğurla həyata keçirildiyini vurğulamış, rəhbərlik etdiyi təhsil ocağı haqqında iştirakçılara geniş məlumat vermişdir.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm sahəsinin inkişafı təcrübəsini zənginləşdirmək baxımından tədbirin əhəmiyyətini qeyd etmiş və bildirmişdir ki, inkişaf etmiş ölkələrin təcrübəsində olduğu kimi, dövlət büdcəsinə gəlirlərin artırılmasında, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında, yaşayış səviyyəsinin yüksəldilməsində turizm amilinin vacibliyi nəzərə alınmalıdır. Ölkəmizdə bu sahənin hərtərəfli inkişafını təmin etmək məqsədi ilə turizm zonalarının yaradılması və uzunmüddətli inkişaf layihələrinin hazırlanması turizm sektorunun qarşısında duran əsas vəzifələrdən biridir.
Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin prezidenti Hayns Boyerin “Turizm vasitəsilə regional inkişafın artırılması” mövzusunda məruzəsi dinlənilmişdir. O demişdir ki, turizmin inkişafı bu sektorla əlaqəsi olan digər sahələrin inkişafına, eyni zamanda urbanizasiyanın qarşısının alınmasına və yeni iş yerlərinin yaranmasına təkan verir. Ölkəmizin geniş turizm potensialı olduğunu qeyd edən natiq Azərbaycanın coğrafi mövqeyinin, rəngarəng təbiətinin, zəngin mədəniyyətinin və qonaqpərvərliyinin insanda heyranlıq hissi yaratdığını diqqətə çatdırmışdır.
Konfrans öz işini sessiyalarda davam etdirmişdir. Sessiyalarda “Aşağı Avstriyada mədəni turizm”, “Ekoturizm ətraf mühitin qorunması strategiyası və davamlılıq iqtisadiyyatı kimi”, “Rekreasiya və sağlamlıq turizmi”, “İpək yolunun rəqəmli texnologiyalarının öyrənilməsi” mövzuları və digər məsələlər müzakirə olunmuşdur.
