Bakıda “Horizon-2020” proqramı çərçivəsində treninq başlanmışdır
Bakı, 9 aprel (AZƏRTAC). Bakıda, Azərbaycan Milli Elmlər Akademiyasının binasında Avropa İttifaqının (Aİ) 7-ci Çərçivə proqramının davamı olan “Horizon-2020” tədqiqat və innovasiya proqramı çərçivəsində ikigünlük treninq başlanmışdır. Treninqi AMEA-nın Beynəlxalq Əlaqələr İdarəsi Regional İnnovasiya Texnologiyaları Akademiyası ilə birlikdə təşkil etmişdir.
AZƏRTAC xəbər verir ki, treninqdə beynəlxalq ekspertlər, Təhsil Nazirliyinin, Xarici İşlər Nazirliyinin, habelə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun əməkdaşları iştirak etmişlər.
AMEA-nın Rəyasət Heyətinin mərkəzi aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri Qulam Babayev proqramın əhəmiyyətindən danışaraq bildirmişdir ki, 7 il müddətinə nəzərdə tutulmuş həmin proqram alimlərimizin qrant layihələrində iştirakının təmin olunmasına yönəlmişdir. Bununla bərabər, layihə vasitəsilə elmi inkişaf üzrə tədqiqat layihələrini yüksək səviyyədə həyata keçirmək, innovasiya və elmi tədqiqatların sənaye, sağlam həyat tərzi, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahələrində tətbiqi mümkün olacaqdır. Büdcəsi 80 milyard avro təşkil edən layihədə 60 min alimin iştirakı nəzərdə tutulmuşdur.
AMEA-nın Kibernetika İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Tofiq Babayev Azərbaycan alimlərinin elmi potensialından, 2014-2020-ci illəri əhatə edən qlobal proqramın həyata keçirilməsində gözlənilən elmi nəticələrdən söz açmışdır.
Treninqdə çıxış edən beynəlxalq ekspertlər Dina Berzina (Latviya), Kim Devis (Norveç), Edina Nemes (Macarıstan) və başqaları Aİ, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri alimləri arasında əməkdaşlığın möhkəmlənməsinin və onların informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə fəaliyyətinin perspektivlərini müzakirə etmişlər.
Qeyd edək ki, treninq proqram çərçivəsində planlaşdırılan beş tədbirdən biridir.