BAKIDA I QAFQAZ BANKÇILIQ VƏ MALİYYƏ KONFRANS VƏ SƏRGİSİ KEÇİRİLİR
İyunun 13-14-də Avropa hotelində keçiriləcək konfrans və sərgidə dünyanın 15 ölkəsindən 100-ə yaxın təşkilatın nümayəndəsi iştirak edəcəkdir. Konfrans və sərgidən əsas məqsəd Azərbaycanın maliyyə uğurlarını xarici ölkələrdə tanıtmaqdır. Konfrans və sərgidə maliyyənin vacib məsələləri, sahənin uğurları, sığorta, lizinq, bank sektorundakı yeniliklərlə tanış olmaq imkanı yaranacaqdır.
Azərbaycanın müvafiq nazirlikləri, komitələri, dövlət və kommersiya şirkətləri tərəfindən rəsmi olaraq dəstəklənən konfransda maliyyə naziri S.Şərifovun məruzəsi dinləniləcək, iqtisadi inkişaf naziri H.Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri G.Məmmədov, Milli Bankın İdarə heyətinin sədri E.Rüstəmov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Z.Nuriyev, Gürcüstan Banklar Assosiasiyasının prezidenti Z.Qvasaliya, beynəlxalq təşkilatların və kommersiya strukturlarının nümayəndələri çıxış edəcəklər.
Tədbir çərçivəsində açılacaq sərgidə ölkənin aparıcı banklarının və bank sistemi ilə bilavasitə əməkdaşlıq edən informasiya texnologiyaları və telekommunikasiya şirkətlərinin stendləri nümayiş olunacaqdır. Xüsusi olaraq konfrans və sərgiyə dair “Bank və maliyyə xəbərləri” adlı qəzet buraxılacaqdır.
Tədbirin təşkilatçıları İTE Group PLC və onun Qafqazdakı eksklüziv tərəfdaşı İteca Caspian MMM şirkətidir.