BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 20-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə yarmarkalara əsasən mövsümə uyğun meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı. “Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və Göyçay rayonlarından müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, bazar günü burada əhaliyə 11,05 ton məhsul, o cümlədən 1,5 ton ət, 0,25 ton ağartı, 4 ton tərəvəz, 4 ton kartof, 0,2 ton bostan bitkisi, 1 ton meyvə, 3 min ədəd yumurta, 100 kiloqram bal təklif edilmişdir.
Qiymətlər bazardakından 20-25 faiz aşağı olmuşdur. Mal ətinin kiloqramı 4 manata, qoyun əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 60 -3 manat 80 qəpiyə, kök 40-50, kələm, kartof 50-60 qəpiyə, alma 50 qəpik-1 manat 20 qəpiyə, armud 1 manat-1 manat 50 qəpiyə, bal 9-10 manata, yumurtanın bir ədədi 8-9 qəpiyə satılmışdır.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Qobustan, Samux, Daşkəsən, Quba və Biləsuvar rayonlarının fermərləri satışa 20 tona yaxın məhsul çıxarmışdılar. Burada da məhsulların qiyməti bazardakından 25-30 faizə qədər ucuz idi.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri bazar günü 5 tona yaxın məhsul satmışlar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısında təşkil olunmuş yarmarkada sakinlərə kələmin kiloqramı 40, kartofun kiloqramı 40-50, soğanın kiloqramı 20 qəpiyə təklif olunmuşdur.
Alıcılar bazarlarla müqayisədə yarmarkada məhsulların qiymətlərinin daha ucuz olduğunu bildirmişlər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin məlumatına görə, şənbə və bazar günləri Qazax və Ağsu rayonlarının fermerləri burada 32 tonadək məhsul satmışlar.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada da satışa qiymətləri bazardakından xeyli ucuz olan kənd təsərrüfatı məhsulları çıxarılmışdı. İşçi qrupunun rəhbəri Sabir Əhədov bildirmişdir ki, Bərdə, Goranboy və Ağstafadan yarmarkaya 15 tonadək məhsul gətirilmişdir.
Nərimanov rayonu, Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada bazar günü paytaxt sakinlərinə Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz və Qobustan rayonlarından gətirilmiş 69 ton məhsul, o cümlədən 2 ton ət, 900 kiloqram ağartı, 29,5 ton tərəvəz, 16,5 ton kartof, 100 kiloqram konserv məhsulu, 16,5 ton meyvə, Giləzi, Goradil broyler fabriklərindən isə 20 min ədəd yumurta təklif olunmuşdur.
Yarmarkada mal əti 4 manata, qoyun əti 4 manat 20 qəpiyə, pendir 2 manat 40 qəpiyə, alma, kartof 40-50, kök 50, çuğundur 40 qəpiyə, pomidor 1 manat 50 qəpiyə, xiyar 1 manata, yumurtanın bir ədədi 8 qəpiyə satılmışdır.
![]() |
![]() |

