BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 1-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Göyçay və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, bazar günü burada əhaliyə 9,4 ton məhsul, o cümlədən 1,3 ton ət, 0,5 ton ağartı, 4,4 ton tərəvəz, 2 ton kartof, 0,1 ton bostan bitkisi, 1 ton meyvə, 12 min ədəd yumurta, 100 kiloqram bal təklif edilmişdir. Yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağı olmuşdur.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar, Şəki və Qəbələ rayonlarının fermerləri şənbə və bazar günləri satışa 32,3 ton kartof, 18 ton ət, min ədəd yumurta, 6,5 ton ağartı və digər kənd təsərrüfatı məhsulları çıxarmışlar. Şəhər sakinləri təzə, ucuz və keyfiyyətli məhsulları həvəslə almışlar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısında təşkil olunmuş yarmarkada Qazax və Ağsu rayonlarının fermerləri qiymətləri bazarlarla müqayisədə 30-35 faiz ucuz olan təzə meyvə-tərəvəz və süd məhsulları satırdılar.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədovun verdiyi məlumata görə, şənbə və bazar günlərində yarmarkada 26 tondan artıq məhsul satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya isə Bərdə, Goranboy və Ağstafa rayonlarından 17 tonadək məhsul gətirilmişdi.
Məlumat verildiyi kimi, əvvəllər Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində fəaliyyət göstərmiş yarmarka həmin rayonda yeni ünvana (Əlyar Əliyev küçəsi, 26) köçürülmüşdür. Rayon icra hakimiyyətinin nümayəndəsi Zülfüqar Qasımov bildirmişdir ki, ünvanın dəyişdirilməsi buraya gətirilən kənd təsərrüfatı məhsullarının çeşidinin artırılması, alıcılara göstərilən xidmətin daha da təkmilləşdirilməsi ilə əlaqədardır. 600 kvadratmetr sahəni əhatə edən geniş, sanitar tələblərə cavab verən yeni yaramarkada lazımi satış yerləri yaradılmış, ətin, yumurtanın, süd məhsullarının və digər tez xarab olan malların saxlanılması üçün soyuducular qoyulmuşdur.
Şənbə və bazar günləri Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz, Qobustan rayonlarının fermerləri burada əhaliyə müxtəlif çeşiddə 57,6 ton məhsul təklif etmişlər.
######
![]() |
![]() |

